Rusiya Azərbaycana qarşı səhvini başa düşdü AÇIQLAMA

19.09.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskva ilə Bakı arasında münasibətlərdəki böhran mərhələsinin birgə səylər nəticəsində geridə qaldığını bildirib.

O qeyd edib ki, hazırda əsas vəzifə liderlər arasında əldə olunmuş razılaşmalara uyğun olaraq Rusiya-Azərbaycan əməkdaşlığını inkişaf etdirməkdir.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Rusiya tərəfi gec də olsa, dərk edir ki, Azərbaycan etibarlı tərəfdaşdır:

“Heç kəsə sirr deyil ki, xeyli müddətdir, Rusiyanın kütləvi informasiya vasitələri ilə Azərbaycana qarşı təbliğat aparılır və Rusiyanın ayrı-ayrı yüksək vəzifəli məmurları ölkəmiz əleyhinə bəyanatlar səsləndirirdilər. Bu da bir daha göstərir ki, ikitərəfli münasibətlərimizdə xeyli sayda həllini gözləyən problemlər yığılıb qalıb. Lakin son zamanlar münasibətlərdəki gərginliyin aradan qaldırılmasına işarə edən hərəkətlilik diqqətdən yayınmır. Xüsusilə də Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya ilə Azərbaycan arasında artıq gərginliyin geridə qaldığı və münasibətlərin normal məcraya düşməsi ilə bağlı bəyanat səsləndirib. Bu heç də təsadüfi deyil”.

Palamentari Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanın paytaxtında keçirilən toplantısında Rusiya Prezidenti Vladimir Putinlə Prezidenti İlham Əliyevin ayaqüstü söhbətini də xatırladıb:

"Eyni zamanda, Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə də söhbət edib. Putin Ermənistan-Azərbaycan münasibətlərindən bəhs edərkən Azərbaycan Prezidentinin olduqca müasir, savadlı və intellektual lider olduğunu vurğulayıb. Bu ifadələr və yanaşmalar, heç şübhəsiz ki, Rusiyanın Azərbaycana münasibətində dəyişiklik baş verdiyindən xəbər verir".

Elman Nəsirov bildirib ki, Rusiya tərəfi fərqindədir ki, Ermənistanla münasibətlər getdikcə daha da pisləşir. Ermənistan bir tərəfdən Rusiya ilə münasibətləri davam etdirməkdə maraqlı olduğunu göstərir, Avrasiya İqtisadi İttifaqından çıxmadığını və çıxmaq niyyətində olmadığını bəyan edir, digər tərəfdən isə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir, hətta Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək niyyətini də gizlətmir. Azərbaycan isə belə addımlar atmır:

"Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev müstəqil Azərbaycan xalqının milli maraqlarını önə çəkən siyasət həyata keçirir və heç bir halda bu siyasətlə üçüncü tərəfi hədəfə almır. Azərbaycanla ABŞ münasibətlərinin inkişaf etdirilməsi heç bir halda Kreml əleyhinə yönəlmədiyi kimi, Azərbaycanla Rusiya münasibətlərində müsbət tendensiyaların müşahidə olunması da Ağ Ev əleyhinə yönəlməyib. Bunu həm Moskvada, həm də Vaşinqtonda gözəl anlayırlar. Rusiya tərəfi gec də olsa, dərk edir ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizlik mühitinin formalaşmasında, eləcə də inkişafında maraqlıdır və heç bir dövlətin diktəsi ilə Rusiyaya qarşı addım atmır".

O qeyd edib ki, Azərbaycan bu və digər məsələlərdə prinsipial mövqe ortaya qoyub və bu mövqe hər hansı bir dövlətin və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, Azərbaycan dövlətinin maraqları əsasında formalaşıb. Bu reallığı Rusiya Prezidenti Vladimir Putin də dərk edir:

"Onun Azərbaycan Prezidenti İlham Əliyevlə bağlı müsbət fikirlər səsləndirməsi təsadüfi sayılmamalıdır. Hesab edirəm ki, Rusiya tərəfi gec də olsa, dərk edir ki, Azərbaycan etibarlı tərəfdaşdır Rusiyanın siyasi elitası Azərbaycanın regional və beynəlxalq siyasətinin bütün məqamlarını təhlil etdikdən sonra bu qənaətə gəlib ki, Azərbaycan etibarlı tərəfdaşdır, öz milli maraqlarını ilk növbədə qoyur və bu dövlətlə əməkdaşlığı bərpa etmək və inkişaf etdirmək lazımdır”- o bildirib.

Nicat Rüstəm

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью