Rusiya azərbaycanlılara qarşı repressiya edən polisləri mükafatlandırdı

28.01.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılmasında iştirak etmiş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsinin əməkdaşları mükafatlandırılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, mükafatlar Sverdlovsk vilayəti üzrə DİN Baş İdarəsinin genişləndirilmiş kollegiya iclası zamanı təqdim olunub.

Tədbirdə Rusiya prezidentinin Ural Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi Artem Joqa, Sverdlovsk vilayəti üzrə polis baş idarəsinin rəisi Aleksandr Meşkov, regionun baş prokuroru Boris Krılov və digər yüksəkvəzifəli şəxslər iştirak ediblər. Məlumata əsasən, əməliyyatçılarla yanaşı, iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları da mükafata təqdim olunub.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı əsassız olaraq, saxlanılıb. Əməliyyat zamanı iki həmyerlimiz – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüblər.

Bundan başqa, avqust ayında isə Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski də saxlanılaraq, barəsində cinayət işi açılıb. O, guya Fehruz Şirinova qarşı sui-qəsddə və bizneslə məşğul olan İkram Paşayevin qətlinin təşkilində iştirak edib.

Xatırladaq ki, Rusiya mediasında da sonradan yayılan məlumatlara görə, Yekaterinburqda azərbaycanlıların saxlanılmasına göstəriş verən Sverdlovsk vilayəti üzrə istintaq komitəsinin şöbə rəisi verdiyi əmrə səbəb tapa bilməyib. Keçirilən həmin səbəbsiz əməliyyatla bağlı Sverdlovsk istintaq komitəsində dəfələrlə araşdırma aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью