Rusiya banklarını və neft şirkətlərini “qara günlər” gözləyir Avropa İttifaqı sanksiya paketini genişləndirir

31.01.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Avropa İttifaqı Rusiyaya qarşı hazırlanmaqda olan 20-ci sanksiya paketinə əlavə məhdudiyyətlər daxil etməyi nəzərdə tutur.

“AzPolitika” bildirir ki, bu barədə “Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, yeni paket çərçivəsində Rusiya bankları və neft şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq oluna bilər. Bununla yanaşı, Rusiyaya mövcud məhdudiyyətləri aşmaqda kömək etdiyi iddia edilən kriptovalyuta servisləri və üçüncü ölkələrdə fəaliyyət göstərən maliyyə qurumları da sanksiya siyahısına salına bilər. Mənbələr bildirir ki, sanksiyalar Rusiyanın “kölgə donanması”na aid yeni gəmiləri də əhatə edəcək. Eyni zamanda Avropa İttifaqı ilk dəfə olaraq sanksiyalardan yayınmaya qarşı mexanizmi işə sala və bu çərçivədə Qırğızıstana dəzgahlar və müəyyən radioelektron avadanlıqların ixracını qadağan edə bilər.

20-ci paketə Rusiyada silah istehsalı üçün zəruri olan məhsul və şirkətlərə qarşı yeni ticarət məhdudiyyətlərinin, həmçinin Rusiyadan bəzi metal növlərinin idxalına qadağanın daxil edilməsi də istisna edilmir.

Yanvarın 29-da Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, 20-ci sanksiya paketinin 24 fevral 2026-cı ildə qəbul edilməsi planlaşdırılır. Euractiv nəşrinin yazdığına görə, mümkün tədbirlər sırasında Rusiya neft tankerlərinə xidmətin qadağan edilməsi, Rusiyaya lüks malların ixracının dayandırılması və Aİ-nin Rusiya gübrələrinin idxalı üzrə kvotalarının azaldılması da var. Bu təşəbbüslərlə Finlandiya və İsveç çıxış edib.

Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini 2025-ci ilin oktyabr ayının sonunda təsdiqləyib. Həmin paket Rusiyanın enerji gəlirlərinin azaldılmasına, maliyyə təzyiqlərinin gücləndirilməsinə və sanksiyalardan üçüncü ölkələr vasitəsilə yayınma hallarının nəzarət altına alınmasına yönəlmişdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью