Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın iri neft emalı zavodları (NQZ) fevral ayından benzin ixracını bərpa etməyi planlaşdırır.
“AzPolitika” bildirir ki, bu barədə “Kommersant” nəşri sənaye mənbələrinə istinadən məlumat yayıb. Qəzet qeyd edir ki, ixrac embarqosunun ləğvi ilə bağlı gözləntilər artıq birja qiymətlərinə təsir göstərib və benzin kotirovkaları artım mərhələsinə keçib.
Məlumata görə, Kirışi Neft Emalı Zavodu fevral ayında Ust-Luqa limanı vasitəsilə 111 min ton benzin göndərməyi planlaşdırır. Ümumilikdə isə fevral–mart aylarında mümkün ixrac həcmi ayda 700–900 min ton səviyyəsində qiymətləndirilir.
Hazırda Rusiyadan benzin ixracına qadağa fevralın sonunadək qüvvədədir. Məhdudiyyətlər 2025-ci ilin sentyabrında tətbiq olunub. “Kommersant”ın yazdığına görə, Rusiya Energetika Nazirliyi artıq fevral ayından etibarən bu qadağanın ləğvi ilə bağlı hökumətə müvafiq qərar layihəsi təqdim edib.
Embarqonun aradan qaldırılması, eyni zamanda, rus NQZ-lərinin Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarından sonra fəaliyyətini tədricən bərpa etdiyini göstərə bilər. Xüsusilə ötən ilin payızında baş verən hücumlar bir sıra müəssisələrdə istehsalın dayanmasına və ya ciddi pozuntulara səbəb olmuşdu.
Xarici bazarlara tədarükün bərpa olunacağına dair xəbərlər artıq birja qiymətlərində əksini tapıb. Belə ki, “Kommersant”ın məlumatına görə, Aİ-92 markalı benzinin qiyməti Sankt-Peterburq Birjasında 19–28 yanvar tarixləri arasında 5,9 faiz artıb.
“AzPolitika.info”