Rusiya böyük futbola qayıdır? Ukrayna FİFA Prezidentini təhqir etdi

03.02.2026

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə görə faktiki olaraq, dünya futbolundan kənarda qalıb. Nə FİFA, nə də UEFA Rusiya millisini və klublarını beynəlxalq yarışlara buraxmır. Ancaq bu ədalətli qərarın dəyişdirilməsini istəyənlər də var və bunlardan biri də FİFA Prezidenti Canni İnfantinodur.

“AzPolitika” xəbər verir ki, C.İnfantino mediaya son müsahibəsində Rusiya komandalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb. Bu isə xüsusilə də Ukrayna tərəfindən ciddi etirazla qarşılanıb. Hətta rəsmi Kiyev FİFA Prezidentini təhqir etməkdən belə çəkinməyib.

Belə ki, Ukrayna Xarici İşlər Nazirliyi İnfantinonu "mənəvi degenerasiyaya uğramış biri” adlandırıb. İnfantino "Sky News"a verdiyi müsahibədə deyib ki, "Rusiyadan olan qızlar və oğlanlar Avropanın digər yerlərində futbol oynaya bilsəydilər, bu, faydalı olardı. Biz bunu etməliyik. Mütləq. Çünki bu qadağa ilə heç nəyə nail olunmayıb; bu, yalnız daha çox məyusluq və nifrətə səbəb olub".

Ukrayna Xarici işlər naziri Andrey Sibiqa Rusiya komandalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması çağırışını şərh edərkən öz sosial şəbəkə səhifəsində İnfantinonu sərt şəkildə qınayıb: "679 ukraynalı oğlan və qız heç vaxt futbol oynaya bilməyəcək - Rusiya onları öldürüb və getdikcə daha çox insanı öldürməyə davam edir. Mənəvi degenerasiyaya uğramışlar isə Rusiyanın müharibəyə son qoymamasına baxmayaraq qadağanın aradan qaldırılmasını təklif edirlər. Gələcək nəsillər bunu 1936-cı il Olimpiadasını xatırladan bir rüsvayçılıq hesab edəcəklər".

Bu arada “The Times” qəzetinin məlumatına görə, İnfantinonun məlum açıqlamasına baxmayaraq, FİFA Şurasının Rusiya ilə bağlı hansısa səsvermə keçirmək planı yoxdur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью