Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Ukrayna dronlarını aldatmaq məqsədilə Çindən şişmə təyyarə, raket qurğuları və tank maketləri alır. Hər bir belə maketin qiyməti cəmi bir neçə yüz dollar təşkil edir.
Axar.az xəbər verir ki, bu barədə “Teleqrаf” nəşri məlumat yayıb.
Bildirilir ki, Ukrayna dronları Rusiyanın hava məkanının daha dərinliklərinə nüfuz edərək bahalı hərbi texnikanı məhv edir. Bu problemin qarşısını almağa çalışan Rusiya tərəfi əsasən Çindən şişmə hərbi texnika maketləri sifariş edir.
Jurnalistlər Çin və Rusiyada fəaliyyət göstərən bir neçə elektron ticarət platformasında “şişmə hədəf təyyarələr” və “şişmə hədəf tanklar” adı altında çoxsaylı elanlar aşkar ediblər. Satıcılar sifariş əsasında xüsusi maketlərin hazırlanmasını da təklif edirlər. Onlardan biri artıq yüzlərlə sifariş qəbul etdiyini bildirib.
Nəşrin məlumatına görə, ən diqqətçəkən reklamlar arasında “Gauss” şirkətinin məhsulları yer alır. Bir neçə firma və brendə, o cümlədən “Gauss Intelligent Equipment”, “Gauss Inflatables”, “Jiangxi Gauss” və “Hangzhou Gauss” şirkətlərinə sahib olan bu istehsalçı reklam çarxlarından birində şişmə tankların hazırlandığı zavodun görüntülərini nümayiş etdirir. Videoda bu maketlərin real müharibə şəraitində rəqibi çaşdırmaq üçün istifadə oluna biləcəyi vurğulanır.
“Gauss” şirkəti şişmə tanklarını o qədər realistik təqdim edir ki, onların kəşfiyyat və zərbə vasitələrinin diqqətini özünə cəlb etməklə real hərbi texnikanın qorunmasına kömək etdiyini iddia edir. Şirkət məhsullarının döyüş şəraitində sınaqdan keçirildiyini, real texnikanın istilik və radiofrekans siqnallarını imitasiya edərək radar sistemlərini belə çaşdıra bildiyini bildirir.