Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
"Rusiya ilə Estoniya arasında münasibətlər son onilliyin ən gərgin dövrünü yaşayır. Bununla belə, yaxın perspektivdə iki ölkə arasında müharibə ehtimalı real görünmür".
Politoloq Oqtay Qasımov bunu Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiyanın hazırkı davranışı Avropa ölkələrini, xüsusilə də qonşu dövlətləri təzyiq altında saxlamaq siyasətinin tərkib hissəsidir. Rusiyanın Estoniyanın hava məkanını pozması ilə bağlı insidentlər də ikitərəfli münasibətləri ciddi şəkildə gərginləşdirir.
"Yaxın aylarda Rusiya ilə Estoniya arasında müharibə ehtimalını aşağıdır. Bunun iki əsas səbəbi var: Rusiyanın hazırda Ukrayna ilə müharibə aparması və Estoniyanın NATO üzvü olması".
Politoloq:
O.Qasımovun fikrincə, Estoniyaya hücum eyni zamanda NATO ilə müharibə deməkdir. NATO-nun hazırda yarandığı dövrdən bəri ən çətin mərhələlərindən birini yaşamasına baxmayaraq, alyansın hərbi potensialı Rusiya ilə müqayisəolunmazdır.
"Hazırkı gərginliyin yaxın bir neçə ayda müharibə səviyyəsinə çatacağını düşünmürəm. Bununla belə, Rusiya ilə Avropa arasında münasibətlərin qarşıdakı dövrdə də gərginləşməkdə davam edəcəyi gözlənilir".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Estoniya ilə münasibətlərin faktiki olaraq açıq müharibə astanasında olduğunu bəyan edib.Nazirliyin məlumatına görə, dekabrın 1-dən sərhəd-keçid məntəqələrini bağlamaq planları fonunda Estoniyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb.
Rusiya tərəfi Estoniyanı Ukrayna dronlarının Rusiyanın şimal-qərb bölgələrinə hücumları zamanı tranzit üçün öz hava məkanından istifadə etməsinə şərait yaratmaqda ittiham edib.Bundan əlavə, Moskva Tallinni Baltik dənizində Rusiya yük gəmilərini ələ keçirməyə cəhd göstərməkdə, Rusiyaya qarşı dəniz blokadası tətbiq etmək istəməkdə və rusdilli əhaliyə təzyiq göstərməkdə günahlandırıb.
Rusiya XİN bildirib ki, Estoniya hakimiyyətinin bu addımları iki ölkə arasında birbaşa hərbi toqquşma riskini artırır. Nazirlik, həmçinin Estoniyanın hərəkətlərinə cavab olaraq bir sıra siyasi və diplomatik tədbirlər görmək hüququnu özündə saxladığını bəyan edib.
Zeynəb Rzayeva