Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son zamanlar bəzi Qərb rəsmiləri Rusiyanın Ukrayna ilə danışıqlarda güzəştə hazır olduğunu bildirirlər.
İddialara görə, qapalı qapılar arxasında Rusiya tərəfindən danışıqları aparan şəxslər Kremlin açıqlamalarında sərgilədikləri mövqedən daha praqmatik mövqe tuturlar.
Bəllidir ki, açıq müstəvidə ruslar Ukraynaya qarşı maksimalist tələblərindən əl çəkmədiklərini ortaya qoyurlar. Amma bununla belə xarici mətbuatın yazdığına görə, özəl danışıqlar qruplarına müəyyən məsələlərdə güzəştləri nəzərdən keçirməyə də icazə veriblər.
Amerikalı rəsmilər Rusiyanın bu cür açıqlamalarını danışıqların mahiyyətinin əks olunması kimi deyil, ictimai sahədə mövqeləri möhkəmləndirmək strategiyasının tərkib hissəsi kimi xarakterizə edirlər.
Hətta bəyan edilir ki, Amerika tərəfi 23-24 yanvarda Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar zamanı ünsiyyət və müzakirələrdə irəliləyiş olduğunu müşahidə edib. Daha əvvəl isə Ağ Evin mətbuat katibi Kerolin Livit Əbu-Dabidə keçirilən danışıqları "tarixi görüş" adlandırıb.
Danışıqlarla bağlı gündəmə gələn bütün bu nüanslar növbəti siyasi gedişdir, yoxsa sülh üçün real şans?
Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, hər zaman belə situsiyalarda eyni mənzərəli siyasi gedişlərin şahidi oluruq:
“Rəsmi hissədə tərəflər barışmaz, sərt, rəsmi mövqeyə yaxın mövqe tuturlar. Amma dəhlizə çıxanda bunun əksinə olaraq yumşaq mövqeli fikirlər səsləndirirlər.
Şübhə etmirəm ki, rus diplomatları da ukraynalılarla rəsmi danışıqlarda müharibənin böyük fəlakətlər, insan resursları, maliyyə, hörmət mövqeyi baxımından Rusiyaya itkilər gətirdiyini gözəl anlayırlar. Amma Rusiyanın rəsmi mövqeyini Putin ifadə edir və o da Donetsk, Luqansk, Xerson, Zaporejye və Krımın Moskvanın nəzarətində olmasını tələb edir.
Zelenski isə be yanaşmanı tanımır. Üstəlik Donetskinin bir hissəsi Ukrayna dövlətinin nəzarətindədir. Putin isə tələb edir ki, işğal olunmamış bu əraziləri də Kiyev dinc şəkildə Rusiyaya təhvil versin. Zelenski üçün bunu qəbul etmək siyasi intihara bərabərdir”.
Politoloq qeyd edir ki, Amerika artıq Ukraynanın arxasında dayanmır:
“Kiyevə yalnız Avropa kömək edir ki, onun da hərbi imkanları o qədər də geniş deyil. Belədə, hazırda Ukrayna danışıqlarda zəif bənddir. Belə bir şəraitdə Qərb diplomatları yaxşı nəticələrin olduğu barədə işarələr verməyə başlayıb. İddia edirlər ki, Moskva tədricən müəyyən güzəştlərə razılaşır. Güzəşt isə Ukraynanın mövcud itkilərlə barışması tələbindən ibarətdir. Bu isə əslində Ukranyanın məğlubiyyəti deməkdir. Digər tərəfdən, Kiyevə Qərbin dəstəyi də tədricən itir. Belə bir vəziyyətdə hansı mövqenin tutulacağını söyləmək çətindir”.
Rüfət Sultan, Bizim.Media