Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Rusiya Dövlət Duması 2027-2029-cu illər üçün federal büdcə haqqında qanunu ikinci oxunuşda qəbul edib.
Yeniavaz.com xarici mediaya istinadən xəbər verir ki, gələn il Rusiyanın hərbi xərcləri Sovet İttifaqının dağılmasından sonra ən yüksək səviyyəyə çatacaq.
Bununla yanaşı, səhiyyə, sosial təminat və iqtisadiyyatın inkişafı üçün ayrılan vəsaitlər azaldılacaq.
Sənədə əsasən, Rusiya hökuməti 2027-ci ildə büdcə xərclərinin təxminən 35 faizini hərbi məqsədlərə və silah tədarükünə yönəldəcək.
Belə ki, “Milli müdafiə” maddəsi üzrə xərclər 32 faiz artırılaraq 2026-cı ildəki 12,9 trilyon rubldan (156,9 milyard dollar) 17,1 trilyon rubla (207,9 milyard dollar) çatdırılacaq.
Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyası, İstintaq Komitəsi, xüsusi xidmət orqanları və Federal Penitensiar Xidmətin maliyyələşdirilməsini əhatə edən “Milli təhlükəsizlik” maddəsi üzrə xərclər isə 7,6 faiz artırılaraq 4,6 trilyon rubla (55,9 milyard dollar) çatdırılacaq.
Beləliklə, hərbi və təhlükəsizlik strukturlarına ayrılan ümumi vəsait 21,3 trilyon rubl (259 milyard dollar) təşkil edəcək. Bu, federal büdcənin təxminən 44 faizidir.
Mülki xərclər azaldılır
Hərbi və təhlükəsizlik xərclərinin artırılması fonunda bir sıra mülki sahələrin maliyyələşdirilməsi azaldılacaq. Milli iqtisadiyyatın dəstəklənməsinə ayrılan vəsait 3 faiz azaldılaraq 4,62 trilyon rubla (56,2 milyard dollar), mənzil-kommunal təsərrüfatına ayrılan vəsait 8 faiz azaldılaraq 1,83 trilyon rubla (22,3 milyard dollar), səhiyyəyə ayrılan vəsait 3 faiz azaldılaraq 1,81 trilyon rubla (22 milyard dollar), əhalinin sosial müdafiəsinə, o cümlədən pensiya ödənişləri üçün Sosial Fonda köçürülən vəsait 6 faiz azaldılaraq 6,65 trilyon rubla (80,9 milyard dollar) endiriləcək.
Bir sıra sosial və səhiyyə layihələrinin maliyyələşdirilməsi də əhəmiyyətli dərəcədə ixtisar olunacaq.
Məsələn, üç və daha çox uşağı olan ailələrin sayının artırılması və bu kateqoriyadan olan vətəndaşlar arasında yoxsulluğun azaldılmasını nəzərdə tutan “Çoxuşaqlı ailələr” federal layihəsinə 2027-ci ildə 93 milyard rubl (1,13 milyard dollar) ayrılacaq. Bu, 2026-cı ildə nəzərdə tutulan 157,2 milyard rublla (1,91 milyard dollar) müqayisədə təxminən 40 faiz azdır.
Klinika və xəstəxanaların tikintisi, təmiri və modernləşdirilməsini nəzərdə tutan “Səhiyyə infrastrukturunun inkişafı” federal layihəsinə ayrılan vəsait isə 30 faiz azaldılaraq 54,4 milyard rubla (661,6 milyon dollar) endiriləcək.
Daha diqqətçəkən məqamlardan biri də “Xərçənglə mübarizə” federal layihəsinin maliyyələşdirilməsinin kəskin azaldılmasıdır. Belə ki, layihəyə ayrılan vəsait 12 dəfə azaldılaraq 44,9 milyard rubldan (546 milyon dollar) 3,9 milyard rubla (47,4 milyon dollar) endiriləcək.
Hərbi xərclər yeni vergilər hesabına maliyyələşdiriləcək
Rusiya hökuməti rekord hərbi büdcənin maliyyələşdirilməsi üçün bir sıra yeni vergi mexanizmlərini də tətbiq etməyə hazırlaşır.
Gələn ildən qızıl hasilatı və əlvan metalların istehsalı ilə məşğul olan şirkətlər üçün əlavə mənfəət vergisi tətbiq ediləcək.
Bundan başqa, bank əmanətləri də daxil olmaqla, fiziki şəxslərin passiv gəlirlərinə tətbiq edilən maksimum gəlir vergisi dərəcəsi 22 faizə qaldırılacaq. Xarici onlayn mağazalardan edilən alış-verişlərə də 22 faizlik əlavə dəyər vergisi tətbiq olunacaq.
Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, bu vergi dəyişiklikləri 2027-ci ildə dövlət büdcəsinə 1,5 trilyon rubl (18,2 milyard dollar), 2028-2029-cu illərdə isə əlavə olaraq 2,2 trilyon rubl (26,8 milyard dollar) gəlir gətirəcək.