Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya ilə Ukrayna arasında bu il ilk dəfə həlak olan hərbçilərin cəsədlərinin mübadiləsinə başlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi Ukraynaya 1000 cəsəd təhvil verib, əvəzində isə 38 həlak olmuş hərbçinin cəsədini geri alıb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında son cəsəd mübadiləsi 2025-ci il dekabrın 19-da baş tutub. Həmin vaxt Rusiya Ukraynaya 1003, Ukrayna isə Rusiyaya 26 cəsəd təqdim edib. Tərəflər ötən il iyulun 23-də İstanbulda keçirilən danışıqlarda mübadilələrin bir neçə mərhələdə həyata keçirilməsi barədə razılığa gəlmişdilər.
Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın əvvəlində bildirmişdi ki, müharibənin başlanğıcından bu günə qədər Rusiya Ukraynaya 11 mindən çox hərbçinin cəsədini təhvil verib.
Yanvarın 19-da Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova ukraynalı həmkarı Dmitri Lubinets ilə hərbi əsirlərin mübadiləsinin bərpası məsələsini müzakirə etdiyini açıqlayıb. O, həmçinin Rusiyada saxlanılan və yaxın vaxtlarda azad edilə biləcək ukraynalı hərbçilərin siyahısını qarşı tərəfə təqdim etdiyini bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az