Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya İrana göstərdiyi hərbi dəstəyi əhəmiyyətli dərəcədə artırıb.
"Cebheinfo.az" xəbər verir ki, “The Wall Street Journal” nəşri bu barədə məlumatlı mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Moskva rəhbərliyi Tehrana kəşfiyyat məlumatları və silah dəstəyi təmin edərək, ABŞ-nin Yaxın Şərqdəki varlığına qarşı əməliyyatlara köməklik göstərir.
Bəzi ekspertlər Rusiyanın Ukrayna müharibəsində qazandığı döyüş təcrübəsini İranla paylaşdığını bildirirlər.
Hazırda Rusiyanın İrana dəstəyi üç əsas sahədə cəmləşir:
*Kəşfiyyat paylaşımı: Rusiya İrana Yaxın Şərqdəki Amerika qüvvələrinin mövqeləri barədə həssas kəşfiyyat məlumatları təqdim edir. Xüsusilə peyk görüntüləri və ABŞ hərbi gəmilərinin yerləşmə yerlərinə dair məlumatlar Tehran rəhbərliyinə ötürülür.
*PUA texnologiyası və ehtiyat hissə dəstəyi:
Rusiya təkmilləşdirilmiş "Şahid" tipli pilotsuz uçuş aparatlarının (PUA) hissələrini İrana tədarük edir. Bu hissələr rabitə, naviqasiya və hədəf müəyyənləşdirmə imkanlarını inkişaf etdirmək məqsədi daşıyır.
*Taktiki məsləhətçilik: Ukraynada genişmiqyaslı PUA əməliyyatları keçirmək təcrübəsinə malik olan Rusiya bu bilik bazasını İranla bölüşür. Rus mütəxəssislər iranlı həmkarlarına eyni vaxtda neçə dronun istifadə ediləcəyi, hansı hündürlüklərdən hücum olunacağı və hava hücumundan müdafiə sistemlərinin necə keçiləcəyi barədə təlimlər verirlər.
"CNN"-in xəbərinə görə, Qərb kəşfiyyat rəsmisi Rusiyanın İrana göstərdiyi dəstəyin getdikcə daha "mürəkkəb" hal aldığını bildirir.Rəsmi şəxs qeyd edib ki, hərbi dəstək artıq Rusiyanın Ukraynada istifadə etdiyi hədəf müəyyənləşdirmə strategiyalarını da əhatə edəcək dərəcədə genişlənir.
Hərbi analitiklər İranın son hücumlarında istifadə etdiyi taktikalarla Rusiyanın Ukraynadakı taktikaları arasında aydın bənzərliklər olduğuna diqqət çəkirlər.
Xüsusilə, əvvəlcə PUA-larla radar sistemlərinin məşğul edilməsi, ardınca isə ballistik raketlərlə əsas zərbənin endirilməsi strategiyası Rusiyanın Ukraynada tez-tez müraciət etdiyi bir üsuldur.
Ukrayna Prezidenti Volodimir Zelenski "CNN"-dən Fərid Zəkəriyyəyə verdiyi müsahibədə Rusiyanın İrana dəstəyi ilə bağlı mühüm iddialar səsləndirib.
Zelenski Rusiyanın İran lisenziyası altında istehsal etdiyi "Şahid" tipli pilotsuz uçuş aparatlarını Tehran rəhbərliyinə ötürdüyünü və bu PUA-ların Amerika bazalarına qarşı istifadə edildiyini bildirib.
Zelenski Ukrayna kəşfiyyatının İran tərəfindən istifadə edilən bəzi PUA-larda Rusiya istehsalı olan hissələr aşkar etdiyini də sözlərinə əlavə edib.
Bundan başqa, o, Rusiyanın İrana kəşfiyyat dəstəyi verdiyini və Moskvanın bu dəstəyi "ABŞ və Avropa Ukraynaya kəşfiyyat dəstəyi verirsə, biz də İrana verə bilərik" şəklində əsaslandırdığını çatdırıb.
Xatırladaq ki, Kremlin sözçüsü Dmitri Peskov martın 4-də verdiyi açıqlamada İranın Rusiyadan hər hansı hərbi yardım tələbi ilə müraciət etmədiyini söyləyib:
"Bu məsələ ilə bağlı İran tərəfindən heç bir tələb gəlməyib".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da martın 4-də keçirdiyi mətbuat konfransında ABŞ-nin İrana qarşı hücumlarının Tehranla yanaşı, digər ərəb ölkələrini də nüvə silahı əldə etməyə sövq edə biləcəyi barədə xəbərdarlıq edib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin