Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Bu gün Rusiya PUA-ları Kiyevdə Dnepr çayının iki sahilini birləşdirən Cənub Körpüsünə hücum edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat paylaşıb.
Kliçko “Telegram”-da yazıb: "Cənub Körpüsünün dayaq konstruksiyasına iki dron zərbə endirib. Körpüdə, o cümlədən metro və ictimai nəqliyyatda hərəkət hazırda dayandırılıb".
O əlavə edib ki, mütəxəssislər konstruksiyanı yoxlayırlar.
Həmin vaxt körpüdən keçən qatar zərər görməyib və növbəti stansiyaya qədər hərəkətini davam etdirib.
Bundan öncə Rusiya ordusu Kiyevin enerji, su və kanalizasiya sistemlərini hədəf almağa başlayıb. 30 sentyabrda zərbələr nəticəsində Tripolsk İstilik Elektrik Stansiyası və 5 nömrəli İstilik Elektrik Stansiyası yanğına məruz qalıb. Ərzaq anbarları və data mərkəzləri, təhsil müəssisələri, televiziya və mobil operator ofisləri, eləcə də Ukrayna Milli Elmlər Akademiyası da zərbə altında olub.
Sentyabr ayı başlayandan Rusiya qoşunları demək olar ki, gecə-gündüz Kiyevə dron və raketlərlə hücum edir. Ukraynanın yüksək vəzifəli rəsmiləri “The Economist”-ə bildiriblər ki, Rusiya sosial narazılıqları maksimum dərəcədə artırmaq üçün qış öncəsi Kiyevi iflic etməyi planlaşdırır. Onların sözlərinə görə, Vladimir Putin Ukrayna paytaxtındakı bütün mülki hədəflərə hücum əmri verib: "Onlar insanların supermarketlərə getməkdən qorxmasını istəyirlər".
Ballistik raketlər və reaktiv pilotsuz uçuş aparatları Kiyev üçün ən ciddi təhlükə olaraq qalır. Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi qeyd edib ki, Rusiyanın minlərlə belə dronu var və Moskva eyni zamanda ballistik raketlər ehtiyatı toplayır. Onun sözlərinə görə, düşmən bu ehtiyatın əhəmiyyətli bir hissəsini növbəti iki ay ərzində xərcləməyi planlaşdırır.
Bu arada, təkcə son bir ayda uşaqlar da daxil olmaqla onlarla Kiyev sakini Rusiya hücumlarının qurbanı olub.
“AzPolitika.info”