Rusiya KTMT ni hansı məqsədlə hərbi cəhətdən gücləndirir?

12.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi potensialını genişləndirmək, kollektiv qüvvələrin tərkibində aviasiya və mobil hava hücumundan müdafiə bölmələri yaratmaq təşəbbüsü postsovet məkanında təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. 

Bəs, Rusiyanın KTMT çərçivəsində vahid aviasiya komponenti və mobil hava hücumundan müdafiə qüvvələri yaratmaq təşəbbüsünü Moskvanın postsovet məkanında hərbi-siyasi təsirini möhkəmləndirmək və müttəfiq dövlətləri öz təhlükəsizlik strategiyasına daha sıx bağlamaq cəhdi kimi qiymətləndirmək olarmı və bu proses təşkilata üzv ölkələrin suveren qərarvermə imkanlarına, eləcə də Cənubi Qafqazda formalaşan yeni geosiyasi və təhlükəsizlik balansına hansı təsirləri göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi şərhçi Elçin Xalidbəyli açıqlama verib. 

Siyasi şərhçi bildirib ki, Rusiyanın istər əvvəlki dövrlərdə, istərsə də hazırda atdığı addımlar, eyni zamanda, böyük ehtimalla, gələcəkdə atacağı addımlar yalnız neoimperialist hədəflərdən qaynaqlanır:

"Rusiyanın əsas prioritetlərindən biri keçmiş SSRİ sərhədlərinin bərpasıdır. Bu məqsəd Kremlə yaxın siyasi dairələr tərəfindən açıq şəkildə gündəmə gətirilir. Təbii ki, Kremlin icazəsi olmasa, həmin siyasi dairələrin belə bir yolverilməz ideyanı təbliğ etməyə cəsarətləri çatmaz.

Bu baxımdan, vahid hava hücumundan müdafiə və aviasiya məkanının yaradılması ilə bağlı cəhdlər də məhz belə neoimperialist hədəflərlə əlaqələndirilir. Çünki Rusiya bu cür addımlarla həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri, həm də digər region ölkələrini öz təsiri altında saxlamağa çalışır.

Kreml elə bir sistem qurmağa çalışır ki, Rusiyanın patronajlığı keçmiş SSRİ coğrafiyasının böyük bir hissəsinə yayılsın və bunun nəticəsində həmin ölkələrin Rusiyadan asılılığı artsın.

Sonrakı mərhələlərdə isə bu prosesi keçmiş SSRİ sərhədlərinin bərpasına qədər inkişaf etdirmək imkanları yaransın. Hazırkı vəziyyətdə Kremlin bütün planları, ssenariləri və atdığı addımlar daha çox postsovet məkanında əvvəlki nəzarət imkanlarını bərpa etmək üzərində qurulub".

Elçin Xalidbəyli vurğulayıb ki, təbii ki, Cənubi Qafqaz regionu üçün də müəyyən təhlükələr mövcuddur:

"Hələlik Cənubi Qafqazda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yalnız bir üzvü var və bu, Ermənistandır. Ən əsası isə Ermənistan da artıq bu qurumdan çıxmaq istiqamətində addımlar atır.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səsvermə hüququ dondurulub və böyük ehtimalla, ölkə bu qurumu tərk edəcək. Bu baxımdan, birbaşa olmasa da, dolayısı ilə Rusiyanın Cənubi Qafqaz üçün təhlükə mənbəyi olaraq qalması reallıqdır.

Ermənistan bu qurumdan çıxdıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində atılan hərbi-siyasi addımların regiona ciddi təsiri olmayacaq. Ümumiyyətlə, son vaxtlar Amerika Birləşmiş Ştatlarının TRIPP layihəsi vasitəsilə bu regionda mövqelərini möhkəmləndirməyə başlaması Cənubi Qafqazı Rusiya üçün itirilmiş regiona çevirməyə başlayıb.

Bu baxımdan, Orta Asiyadan fərqli olaraq, Cənubi Qafqaz Rusiya üçün daha problemli coğrafiya, daha mürəkkəb geosiyasi məkandır. Bütün bunlar onu göstərir ki, Rusiyanın neoimperialist hədəflərinin Cənubi Qafqazda reallaşma ehtimalı o qədər də yüksək deyil".

Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью