Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Ukraynanın ərzaq sənayesinə aid obyektlərə silsilə zərbələr endirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki mənbə “Unian”a məlumat verib.
Mənbənin sözlərinə görə, Rusiya ilk növbədə kənd təsərrüfatı məhsullarının saxlanması və emalı müəssisələrini hədəfə almağı planlaşdırır:
“Zərbə təhlükəsi altında elevator və anbar infrastrukturu, günəbaxan və digər bitki yağlarının istehsalı müəssisələri, həmçinin süd və yağ zavodları, ət kombinatları, quşçuluq fabrikləri və digər müəssisələr var”.
O əlavə edib ki, təhlükə həm Ukrayna, həm də ölkədə fəaliyyət göstərən xarici şirkətlərə məxsus müəssisələrə aiddir.
Mənbənin qiymətləndirməsinə görə, Moskva bu hücumlarla Ukraynada daxili vəziyyəti sabitliyini pozmağa çalışır. Planın əsas məqsədləri ərzaq təhlükəsizliyinə zərbə vurmaq, daha sonra informasiya kampaniyası vasitəsilə cəmiyyətdə ruh düşkünlüyü yaratmaq və Ukrayna biznesinin dağıdılması hesabına ölkənin büdcəsinə daxil olan valyuta gəlirlərini azaltmaqdır.
Bundan başqa, mənbə bildirib ki, Moskva Ukraynanın ərzaq sənayesini məhv etməklə gələcəkdə Rusiya kənd təsərrüfatı məhsullarının, xüsusilə Afrika, Yaxın Şərq və Asiya ölkələrinə ixracının payını artırmağı hədəfləyir.