Rusiya miqrantları “GPS”ləşdirir

29.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Sentyabrın 1-dən bu ölkədə əcnəbilərin texnoloji izlənməsi dövrü başlayır

Bundan sonra əcnəbinin Rusiyada qanuni qalması və işləməsi artıq yalnız pasport, qeydiyyat, əmək müqaviləsi və digər sənədlərlə müəyyənləşməyəcək. Onun mobil telefonu da miqrasiya nəzarətinin bir hissəsinə çevriləcək.

Telefonunda “Amina” mobil tətbiq olmalıdır, o işləməli, geolokasiya məlumatları ötürməlidir. Əcnəbinin faktiki olduğu yer qeydiyyatda göstərilən ünvanla uyğun gəlməzsə, bu, miqrasiya rejiminin pozulması barədə siqnal yarada bilər. Geolokasiya məlumatlarının müəyyən müddət yenilənməməsi isə miqrantın uçotdan çıxarılması və “nəzarətdə olan şəxslər reyestrinə” salınması ilə nəticələnə bilər. Bir sözlə, miqrantın cibində telefon, arxasında isə rəqəmsal dövlət olacaq.

2026-cı il sentyabrın 1-dən Moskva və Moskva vilayətində “Amina”nın tətbiq dairəsi genişlənir. Əgər 2025-ci ildən tətbiq vizasız qaydada paytaxta işləməyə gələn əmək miqrantları üçün məcburi idisə, indi tələbələr, əcnəbilərin ailə üzvləri və 90 gündən artıq qalacaq digər şəxslər də sistemə daxil edilir. Qayda Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşlarına şamil olunur. Yetkinlik yaşına çatmayanlar, Belarus vətəndaşları və diplomatlar istisnadır.

Amma əsas məsələ “Amina”nın kimlər üçün məcburi olmasından çox, nə etməsidir. Bu tətbiq sadəcə elektron qeydiyyat vasitəsi deyil. Onun əsas funksiyası telefonun geolokasiya məlumatlarını Rusiya Daxili İşlər Nazirliyinə ötürmək və bəyan edilmiş yaşayış ünvanını faktiki yerləşmə yeri ilə avtomatik müqayisə etməkdir. Beləliklə, dövlət artıq yalnız “bu adam harada qeydiyyatdadır?” sualını vermir. Əsas sual budur: “Bu adam hazırda haradadır?”

Tətbiq vasitəsilə miqrantın harada işlədiyi, gecəni harada keçirdiyi və hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat əldə etmək mümkündür. Bu məlumatlar miqrasiya və vergi orqanlarının nəzarət imkanlarını genişləndirir. Üstəlik, təqdim olunan məlumatlara görə, tətbiqin telefonun foto və video fayllarına çıxış imkanları da nəzərdə tutulur. “Amina”nın quraşdırılmasından və tələb olunan şəxsi məlumatların təqdim edilməsindən imtina etmək mümkün deyil. Tətbiqi sonradan silmək və ya ondan yayınmaq üçün başqa telefondan istifadə etmək cəhdi də süni intellekt vasitəsilə müəyyən ediləcək.

Beləliklə, dünən miqrasiya nəzarətinin mərkəzində sənəd dayanırdısa, bu gün həmin mərkəzdə rəqəmsal iz dayanır. Əslində, bu iz sərhəddə başlayır. Miqrantın barmaq izləri və rəqəmsal fotoşəkli götürülür, müəyyən hallarda genom məlumatlarının da toplandığı bildirilir. Daha sonra işə geolokasiya, rəqəmsal profil, videomüşahidə, üz tanıma və süni intellekt sistemləri qoşulur. Ayrı-ayrı texnologiyalar bir araya gələndə isə artıq bütöv bir nəzarət infrastrukturu yaranır.

Bununla bağlı Rusiya hakimiyyətinin izahı bəllidir: təhlükəsizlik. Miqrasiya rejimini pozanların müəyyənləşdirilməsi, ölkəyə girişinə qadağa qoyulan şəxslərin aşkarlanması, qanunsuz əmək fəaliyyətinin qarşısının alınması və cinayət törətmiş şəxslərin tapılması bu sistemin əsas məqsədləri kimi təqdim olunur. Moskva kimi nəhəng şəhərdə milyonlarla insanın hərəkətini yalnız ənənəvi üsullarla izləməyin çətin olduğunu nəzərə alsaq, rəqəmsal texnologiyaların dövlətə əlavə imkanlar verdiyi danılmazdır. Amma təhlükəsizlik adı ilə qurulan hər sistemin bir sərhədi olmalıdır.

Məsələ yalnız qanunu pozan şəxsin daha asan aşkarlanması deyil, qanuna əməl edənin də dövlət üçün daha görünən hala gəlməsi, onun daim nəzarət altında olmasıdır. Adi səhv səbəbindən ölkədən deportasiya olunma ehtimalıdır. Misal olaraq yük maşınının sürücüsünü götürək. Onun işi günlərlə qeydiyyatda olduğu ünvandan uzaqdadır. Telefon xarab olsa, internet kəsilsə, geolokasiya işləməsə və ya miqrant iş üçün başqa şəhərə getsə, sistem bunu necə qiymətləndirəcək? Alqoritm vəziyyəti insan kimi izah etmir, məlumatları müqayisə edir: ünvan uyğun gəlmirsə, siqnal verir. Geolokasiya yoxdur, yenə siqnal verir. Belə olan halda rəqəmsal nəzarətin üstünlüyü riskə çevrilir. Texniki problem və ya səhv məlumat adi çətinliyi hüquqi problemə çevirir.

Burada əsas sual ortaya çıxır: toplanan məlumatların istifadəsinə kim və necə nəzarət edəcək? Qanuna əməl edən insanın hərəkətlərinin real vaxt rejimində izlənilməsi nə dərəcədə zəruridir? Doğrudur, böyük məlumat bazası dövlət üçün böyük imkan yaradır, amma eyni zamanda, böyük məsuliyyət də tələb edir. Səhv məlumatın düzəldilməsi, yanlış qərarın ləğvi, şəxsi məlumatların qorunması və insanın avtomatik qərardan şikayət edə bilməsi ən azı sistemin texniki effektivliyi qədər vacibdir.

Politoloq İlqar Hüseynlinin təbiri ilə desək, “Amina”nın yaratdığı yeni reallığı bir cümlə ilə ifadə etmək olar: miqrant artıq yalnız qeydiyyatda deyil, sistemin içindədir. Əvvəllər dövlət onun harada qeydiyyatda olduğunu bilirdi, indi isə harada olduğunu da bilmək istəyir.

İ.Hüseynlinin söslərinə görə. bu, sadəcə, mobil tətbiq deyil, biometrik məlumatlardan telefonun geolokasiyasına qədər uzanan yeni rəqəmsal nəzarət modelidir: “Miqrantın cibində telefon, telefonun içində “Amina”, onun arxasında isə təhlükəsizlik sistemi dayanır. Bu mənzərəni Rusiyanın son illərdə dəyişən təhlükəsizlik mühitindən də ayrı təsəvvür etmək çətindir. Ukrayna ilə müharibə fonunda sərhəd təhlükəsizliyi, daxili nəzarət, mümkün təhdidlərin erkən aşkarlanması və “risk qruplarının” müəyyənləşdirilməsi Moskvanın təhlükəsizlik gündəliyində böyük yer tutur. Bu şəraitdə miqrasiya məsələsi də tədricən yalnız əmək bazarı və demoqrafiya mövzusu olmaqdan çıxaraq təhlükəsizlik siyasətinin bir hissəsinə çevrilir”.

Beləliklə, miqrant artıq yalnız işləyən və yaşayan əcnəbi deyil. O, təhlükəsizlik sisteminin izlədiyi şəxsdir. Sərhəddə biometrik izi alınır, ölkə daxilində hərəkəti rəqəmsal sistemlər vasitəsilə görünür, telefonu isə bu nəzarətin daimi elementinə çevrilir. Əsl sual isə “Amina”nın nə qədər effektiv olması deyil. Əsas məsələ təhlükəsizliklə nəzarət arasındakı xəttin haradan keçməsidir. Çünki təhlükəsizlik artdıqca nəzarət də artır. Bu xətt görünməz olduqda, bir gün miqrantın cibindəki telefon sadəcə telefon olmaqdan çıxır. O dövlətin miqrant haqqında bilmək istədiyi hər şeyə açılan rəqəmsal pəncərəyə çevrilir. Ona görə “Amina” Rusiyada miqrasiya siyasətinin yeni mərhələsinin simvoludur.

Miqrantın cibində telefon olacaq. Telefonun içində “Amina”. Onun arxasında isə sərhəddən iş yerinə, iş yerindən gecələdiyi ünvana qədər uzanan rəqəmsal dövlət.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью