Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni qaydalar kimlərə və necə təsir edəcək?
Rusiya Prezidenti Vladimir Putinin imzaladığı yeni qanun ölkədə yaşayan və işləyən əmək miqrantları üçün qaydaları sərtləşdirir. Söhbət təkcə iş icazəsi və ya vergi öhdəliklərindən getmir. Yeni qaydalar miqrantların ailə üzvlərinin Rusiyada qalmasına, gəlirlərinə, hətta övladlarının gələcəyinə təsir göstərəcək. Başqa sözlə, Moskva miqrasiya siyasətində növbəti mərhələyə keçir. Mesaj kifayət qədər aydındır: Rusiyada işləmək istəyirsənsə, yalnız işləmək kifayət deyil, dövlət qarşısında bütün maliyyə və hüquqi öhdəliklərini də yerinə yetirməlisən.
Əslində, bu dəyişikliklər gözlənilən idi. Son illər Rusiya miqrasiya qanunvericiliyini ardıcıl şəkildə sərtləşdirir. Hakimiyyət hesab edir ki, ölkəyə gələn xarici vətəndaşlar dövlət üçün əlavə sosial yük yaratmamalı, əksinə, iqtisadiyyata töhfə verməli, vergilərini ödəməli və bütün fəaliyyətləri şəffaf olmalıdır. Yeni qanun bu yanaşmanın davamı hesab olunur. Bundan sonra iş icazəsi əsasında çalışan əmək miqrantı yalnız özünü deyil, ailəsini də regional yaşayış minimumu səviyyəsində təmin etməlidir. Əgər gəliri müəyyən olunmuş həddən aşağıdırsa və ya bunu sənədlərlə təsdiqləyə bilmirsə, patentinin müddəti uzadılmaya bilər. Bu isə faktiki olaraq həmin şəxsin Rusiyanı tərk etməsi deməkdir.
Qanunun ən çox müzakirə olunan hissələrindən biri isə uşaqlarla bağlıdır. İndiyədək patent alan miqrant yalnız özü üçün vergi ödəyirdisə, bundan sonra o, yetkinlik yaşına çatmayan övladı üçün də ayrıca ödəniş etməlidir. Bu, ailəsi ilə birlikdə Rusiyada yaşayan miqrantların xərclərini artıracaq. Onsuz da kirayə haqqı, kommunal xidmətlər və gündəlik yaşayış xərcləri ilə üzləşən ailələr üçün əlavə vergi yükü ciddi problemə çevriləcək. Amma qanunun ən sərt müddəalarından biri 18 yaşını tamamlayan miqrant övladları ilə bağlıdır. Yeni qaydalara görə, uşaq yetkinlik yaşına çatan kimi artıq valideyninin patenti və ya hüquqi statusu ilə Rusiyada qala bilməyəcək. Onun qarşısında iki seçim olacaq: ya 30 gün ərzində özü üçün qanuni əsas formalaşdırmalı, məsələn, patent almalı, təhsil, iş və ya başqa hüquqi status əldə etməli, ya da ölkəni tərk etməlidir.
Bu dəyişiklik ilk baxışda texniki qayda kimi görünsə də, əslində, minlərlə ailənin həyatına təsir göstərəcək. Təsəvvür edin ki, illərlə Rusiyada yaşayan, məktəbi orada bitirən, dost çevrəsi və həyatı həmin ölkədə formalaşan gənc 18 yaşı tamam olan kimi cəmi bir ay ərzində gələcək taleyi ilə bağlı qərar verməli olacaq. Əgər bu müddətdə lazımi sənədləri hazırlaya və ya iş tapa bilməsə, ölkəni tərk edəcək. Bu isə təkcə hüquqi məsələ deyil, həm də sosial-psixoloji məqamdır. Bir çox ailələr üçün övladın valideynlərdən ayrı düşməsi və ya bütün ailənin ölkəni tərk etmək məcburiyyətində qalması real ssenaridir.
Digər mühüm yenilik dövlət nəzarətinin gücləndirilməsidir. Artıq Rusiya Daxili İşlər Nazirliyi miqrantların gəlirlərini, vergi ödənişlərini və vergi orqanlarında qeydiyyat vəziyyətini elektron informasiya sistemləri vasitəsilə yoxlaya biləcək. Federal Vergi Xidməti isə xarici vətəndaşların gəlirləri barədə məlumatları mütəmadi olaraq nazirliyə göndərəcək. Bu, gəlirlərini gizlədən və ya qeyri-rəsmi işləyən şəxslərin daha asan müəyyən edilməsinə imkan verəcək. Başqa sözlə, dövlət miqrasiya prosesini tam rəqəmsal nəzarət altına almağa çalışır.
Təbii ki, bu qərarın iqtisadi tərəfi də var. Rusiyada tikinti, logistika, kənd təsərrüfatı, kommunal xidmətlər və xidmət sektorunda milyonlarla əmək miqrantı çalışır. Bu sahələr uzun illər ucuz işçi qüvvəsinə arxalanıb. Yeni tələblər səbəbindən miqrantların bir hissəsi ölkəni tərk edərsə, bəzi sektorlarda işçi çatışmazlığı yarana, əməkhaqları arta və işəgötürənlər üçün əlavə xərclər formalaşa bilər. Digər tərəfdən, hökumət hesab edir ki, sərtləşdirilmiş qaydalar qeyri-rəsmi məşğulluğun azalmasına, vergi daxilolmalarının artmasına və miqrasiya sahəsində nizam-intizamın güclənməsinə kömək edəcək.
Qanunun siyasi tərəfi də diqqətdən yayınmır. Son iki ildə Rusiya miqrasiya sahəsində onlarla yeni qanun qəbul edib, deportasiya üçün əsasların siyahısını genişləndirib və nəzarət mexanizmini sərtləşdirib. Bu da onu göstərir ki, Moskva miqrasiyaya yalnız iqtisadi proses kimi baxmır. Miqrasiya dövlət təhlükəsizliyi, ictimai sabitlik və daxili siyasətin əsas istiqamətlərindən birinə çevrilib.
Bütün bunlar Rusiyada çalışan yüz minlərlə Azərbaycan vətəndaşı üçün də əhəmiyyətlidir. Gəlirlərin tam rəsmiləşdirilməsi, vergi ödənişlərinin artması və ailə üzvləri ilə bağlı yeni tələblər onların xərclərini şişirdəcək. Xüsusilə ailəsi ilə birlikdə Rusiyada yaşayan miqrantlar yeni qaydaların təsirini daha çox hiss edəcəklər. Bu dəyişikliklərin gələcəkdə həm Rusiyaya əmək miqrasiyasının həcminə, həm də Azərbaycana göndərilən pul köçürmələrinə təsir göstərəcək.
Yeni qanun göstərir ki, Rusiya miqrasiya siyasətində daha sərt və daha nəzarətçi modelə üstünlük verir. Dövlət ölkəyə gələn miqrantların sayından çox, onların iqtisadi faydalılığına, vergi intizamına və hüquqi statusuna diqqət yetirir. Ancaq bu siyasətin nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Çünki miqrasiya yalnız qanun və statistika deyil, həm də milyonlarla insanın taleyi, ailəsi və gələcəyi ilə bağlı məsələdir.
Mövzu ilə bağlı Rusiyada yaşayan Azərbaycanlı miqrant Kamandar Musayev XQ-yə dedi: “Uzun illərdir Rusiyada yaşayıram. Bu müddət ərzində miqrasiya qaydalarının dəfələrlə dəyişdiyini görmüşəm. Amma qəbul olunan yeni qərarlar əvvəlkilərdən sərtdir. Biz başa düşürük ki, hər ölkənin öz qanunları var və həmin qaydalara əməl etmək lazımdır. Ancaq yeni tələblər xüsusilə ailəsi ilə burada yaşayan miqrantlar üçün əlavə çətinliklər yaradacaq. Mənim uşaqlarım Rusiyada məktəbə gedir. Yeni qaydalara görə, azyaşlı uşaqlar üçün də əlavə ödənişlər tələb olunacaq. Bu isə ailə büdcəmə təsir göstərəcək.
Onsuz da kirayə pulu, kommunal xərclər, uşaqların məktəb xərcləri və gündəlik ehtiyaclar kifayət qədər pul aparır. İndi bunların üzərinə yeni ödənişlər də əlavə olunur. Etiraf edim ki, mənim üçün çətin olacaq. Ən çox narahatlıq yaradan 18 yaşı tamam olan uşaqlarla bağlıdır. Bu gənc qısa müddətdə ya iş tapmalı, patent almalı, ya da ölkədə qalmaq üçün başqa hüquqi əsas yaratmalıdır. Amma bir ay qısa vaxtdır. Həmin yaşda olan gənc dərhal iş tapa, bütün sənədlərini hazırlaya və gələcəyi ilə bağlı qərar verə bilmir. Belə vəziyyət ailələr üçün çətin seçim yaradır. Ya gənc öz yoluna tək davam etməli, ya da ailə ümumilikdə ölkədən getməli olacaq.
Əlbəttə, dövlətin miqrasiya sahəsində qayda yaratmaq istəyi başadüşüləndir. Qanunsuz işləyənlərlə, vergidən yayınanlarla mübarizə aparmaq lazımdır. Amma uzun illər qanuni yaşayan, işləyən, vergisini ödəyən və ailəsini dolandıran insanların vəziyyəti də nəzərə alınmalıdır. Çünki bütün miqrantlara eyni gözlə baxmaq heç də ədalətli yanaşma deyil. Qanuna əməl edən, cəmiyyətə uyğunlaşan və illərlə bu ölkənin iqtisadiyyatına töhfə verən insanların vəziyyəti fərqləndirilməlidir”.
Sonda onu qeyd edək ki, bu ilin yanvar–iyun aylarında Rusiyadan 43 min 700 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs çıxarılıb. Bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin mətbuat xidməti məlumat yayıb. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 65,5 faiz çoxdur. Ötən ilin ilk altı ayında Rusiyadan 26 400 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs çıxarılmışdı.
Pünhan ƏFƏNDİYEV
XQ