Rusiya müharibədə hər ay 20 min əsgər itirir

26.11.2025

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


NATO-nun baş katibi Mark Rutte Ukraynadakı müharibənin 2025-ci ilin sonuna qədər başa çatacağına inanır.
Reyting.az
xəbər verir ki, baş katib bu barədə “El Pais”-ə müsahibəsində danışıb.
Rusiya-Ukrayna sülh danışıqlarının həlledici mərhələyə qədəm qoyduğu bir vaxtda Rutte xəbərdarlıq edib ki, hətta təxminən dörd il əvvəl prezident Vladimir Putin tərəfindən başlanan müharibəyə son qoyacaq bir razılaşma imzalansa belə, Rusiya uzunmüddətli təhlükə olaraq qalacaq.
Rutte həmçinin ABŞ prezidenti Donald Trampı fevral ayından bəri Putinlə münasibətlərdə yaranmış gərginlikdən çıxış yolu tapmaq və bu dəhşətli müharibəyə son qoymaq üçün göstərdiyi davamlı səylərə görə tərifləyib.
Baş katibin sözlərinə görə, Trampın sülh planı Ukrayna ilə ABŞ arasında danışıqlar üçün əsas və gələcək müzakirələr üçün yaxşı bir təməldir.
“Təklifdə möhkəm elementlər var, digərləri isə daha çox iş və dialoq tələb edir. Ukraynalılar və ABŞ hazırda məhz bunun üzərində çalışırlar”, - o deyib.

Mark Rutte
Müharibənin bu ilin sonuna qədər bitib-bitməyəcəyi barədə suala Rutte belə cavab verib:
“Əlbəttə. Hamımız bu müharibənin mümkün qədər tez başa çatması üçün dua edirik. Prezident Trampın bu məqsədlə ortaya qoyduğu vizyonu həyata keçirmək üçün əlimdən gələni etmək istəyirəm. Mən Trampın vizyonunu tam bölüşürəm: bu qırğın bitməlidir”.
O əlavə edib ki, Ukrayna ilə müharibədə təxminən bir milyon rus hərbçisi öldürülüb və ya ağır yaralanıb: “Rusiya ayda təxminən 20 min əsgər itirir. Onlar demək olar ki, heç bir ərazi qazanmadan ölürlər”.
Rutte xatırladıb ki, Rusiya bu il Ukrayna ərazisinin təxminən bir faizini ələ keçirib və gündə cəmi bir neçə metr irəliləyir.
“Onlar 18 aydır Pokrovsk şəhərini ələ keçirməyə çalışırlar və hələ də tam nəzarətə götürə bilməyiblər. Həmin şəhəri ələ keçirməyə çalışarkən orada yaşayan ukraynalılardan daha çox rus əsgəri həlak olub”, - deyə Rutte yekunlaşdırıb.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью