“Rusiya müharibəni qısa müddətdə bitirmək niyyətində deyil” Açıqlama

11.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Ukraynada müharibənin dördüncü ilində raket istehsalını artırmaqda davam edir. Xüsusilə X-101, “Kalibr” və X-35 raketləri üzrə istehsalın planlaşdırılan göstəriciləri üstələməsi Moskvanın müharibənin uzun müddət davam edə biləcəyinə hazırlaşdığını göstərən əsas siqnallardan biri kimi qiymətləndirilir.
Bəs Rusiyanın silah ehtiyatlarını sürətlə yeniləməsi müharibənin yaxın zamanda başa çatacağı ilə bağlı gözləntiləri zəiflədirmi? Moskva bununla hansı hərbi məqsədləri güdür və artan raket istehsalı Ukrayna cəbhəsində vəziyyətə necə təsir göstərə bilər?
Politoloq Oqtay Qasımov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyanın öz iqtisadiyyatını son beş ildə ciddi şəkildə hərbiləşdirməyə nail olduğu və xüsusilə də ballistik raketlərin istehsalında ciddi uğurlar əldə etdiyi görünür.

Onun sözlərinə görə, müasir müharibələrdə də görünən odur ki, ballistik raketlər və dron sistemləri savaşların gedişinə ciddi təsir edən əsas amillərdir:
“Rusiya da bundan istifadə etməyə çalışır. Yəni Rusiya Ukraynanın dronlarla endirdiyi zərbələrə ballistik raketlərlə cavab verməyə çalışır.
Hazırda Rusiyanın iqtisadiyyatı hərbiləşmə üzərində qurulub. Bu, əlbəttə ki, Rusiyanın öz hərbi potensialını artırmaq və gələcək ambisiyalarını təmin etmək üçün həyata keçirdiyi strategiyadır. Rusiya raket arsenalını artırmaqla Avropa ölkələrinə də mesaj verir və onları təzyiq altında saxlamağa çalışır. Digər tərəfdən, Ukrayna müharibəsində balansı öz xeyrinə dəyişmək və daha dağıdıcı qüvvələrdən istifadə etməyə çalışır.
Rusiyanın Ukraynada müharibəni bitirmək ehtimalına gəldikdə isə, əslində, iqtisadiyyatın hərbiləşdirilməsi, raket istehsalının artırılması və Ukrayna müharibəsində bu silahlardan daha çox istifadə olunması onu göstərir ki, Rusiyanın bu müharibəni qısa müddətdə bitirmək niyyəti yoxdur. Rusiya hesab edir ki, onun irəli sürdüyü tələblər qəbul olunmayınca müharibə dayanmayacaq. Amma nəzərə alınmalıdır ki, digər bir məqam da var ki, hər şey Rusiyanın istədiyi kimi olmur.
Belə ki, Ukraynaya beynəlxalq dəstək davam edir. Bu il Avropa İttifaqı Ukraynaya 90 milyardlıq yardım paketi ayırıb, NATO isə bu il və gələcək illər üçün Ukraynaya 140 milyardlıq yardım ayırıb. Ukrayna da öz hərbi potensialını gücləndirmək istiqamətində addımlar atır.
Bu baxımdan, əlbəttə ki, biz müharibənin bu il bitəcəyini gözləməməliyik. Bu müharibədə tərəflər bütün imkan və vasitələrdən istifadə etməklə bir-birinə daha çox zərbə endirməyə və gələcək danışıqlarda öz mövqelərini gücləndirməyə çalışacaqlar”, – deyə politoloq fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью