Rusiya NATO ilə qarşı qarşıya: 6 mümkün ssenari

29.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Qərb hökumətləri uzun müddətdir Rusiya ilə NATO arasında hərbi toqquşma riskindən xəbərdarlıq edir. Bununla belə, kəşfiyyat xidmətləri hesab edir ki, Moskva hazırda NATO ilə birbaşa münaqişə istəmir. Lakin Rusiya gərginliyin tədricən artmasına səbəb ola biləcək hibrid əməliyyatlardan və təxribatlardan istifadə edə bilər.

Modern.az xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşri belə təhlükənin 6 əsas ssenarisini təqdim edib:

1) “Krım ssenarisi” - Baltikyanı ölkələrdə təxribatlar - Nəşr hesab edir ki, Rusiya rusdilli əhalidən istifadə edərək, onların guya təqib olunmasına etiraz adı altında aksiyalar təşkil edə bilər. Bu aksiyaların fonunda Rusiya agentləri, daha sonra isə hərbçilər Estoniyanın Narva və ya Latviyanın Dauqavpils şəhərləri kimi ayrı-ayrı əraziləri ələ keçirməyə cəhd göstərə bilər. Bundan sonra Moskva “sülhün qorunması” adı altında bölgəyə qoşun yeridə bilər.

2) Birbaşa işğal - Ən təhlükəli, lakin ehtimalı ən aşağı ssenarilərdən biri Belarus və Kalininqraddan eyni vaxtda hücum edərək Polşa ilə Litva arasındakı Suvalki dəhlizini kəsməyə cəhd göstərməkdir. Paralel olaraq Rusiya Baltikyanı ölkələri NATO-nun qalan hissəsindən təcrid etmək üçün İsveçin Qotland adasına desant çıxara bilər.

3) “Təsadüfi” müdaxilə - Rusiya sərhəd yaxınlığında hərbi helikopterin məcburi enişi kimi bir bəhanədən istifadə edə bilər. Daha sonra ekipajı və texnikanı xilas etmək üçün NATO ölkəsinin ərazisinə “xilasetmə qrupu” göndərilə bilər. Oxşar üsul Polşa və ya Rumıniyaya daxil olan raket və dronlardan istifadə etməklə də həyata keçirilə bilər.

4) Saxta bayraq əməliyyatı - Kreml NATO ölkələrinə qarşı təxribat yaratmaq üçün ələ keçirilmiş və ya vurulmuş Ukrayna dronlarından istifadə edə bilər. Məsələn, Rusiyaya qarşı Ukrayna hücumunun guya Polşa ərazisinə dronların düşməsi ilə nəticələndiyi görüntüsü yaradıla bilər. Məqsəd NATO ölkələri arasında qarşıdurma yaratmaq və onları Ukraynaya qarşı kökləməkdir.

5) Avropada diversiyalar - İnsan tələfatına səbəb ola biləcək hücumlar – məsələn, qatarın relsdən çıxarılması və ya sənaye obyektinə zərbə endirilməsi mümkündür. Moskva bu halda Qərbin sərt cavab verməyə cəsarət etməyəcəyinə ümid edə bilər.

6) Kiberhücumlar - Rusiya kritik infrastruktura, maliyyə bazarlarına və ya nəqliyyat sistemlərinə hücum edə bilər. Məsələn, böyük hava limanının fəaliyyətini iflic etmək və ya fond birjasında panika yaratmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью