Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyaya ixracı qadağan edilmiş Avropa malları yenə də dolayısı yollarla oraya çatır. Jurnalistlərin araşdırmasına görə, sanksiyalı yüklər Almaniyadan Rusiyaya poçt göndərişləri sxemi vasitəsilə daxil olur.
“Bild” nəşri yazır ki, hər həftə Berlindən Moskvaya yüzlərlə tonluq göndəriş yola düşür.
Sanksiyalardan yan keçməkdə əsas rolu 2022-ci ilin sonlarında qeydiyyatdan keçmiş və yalnız Kölndə poçt qutusu olan bir logistika şirkəti oynayır. Jurnalistlərin məlumatına görə, özü də bu göndərişlər Berlin-Brandenburq hava limanı yaxınlığındakı bir anbara toplanır, oradan isə yük maşınları Polşa və Belarus vasitəsilə Rusiyaya gedir.
Bu anbarın qarşısında mütəmadi olaraq 2014-cü ildən 2022-ci ilə qədər "Rusiya Poçtu"nun Berlindəki törəmə şirkətini idarə etmiş “RusPost GmbH”-nin keçmiş baş direktoru olan bir avtomobil park edir. Tammiqyaslı Ukrayna müharibəsi başlayandan qısa müddət sonra bu şəxs guya işdən çıxıb, lakin nəşrin jurnalistləri hazırda Dmitri V.-nin Rusiyaya yük göndərən logistika şirkətinə rəhbərlik etdiyinə dair dəlillər tapıblar.
Jurnalistlər eksperiment olaraq, istifadəyə yararsız sanksiyalı elektron komponentləri "zərərsiz əşyalar" kimi bəyan edərək beş bağlama göndəriblər. İki kiloqrama qədər olan bağlamanın çatdırılma qiyməti 26 avro təşkil edib. Bütün bağlamalar Moskvaya çatdırılıb. Göndərişlərin yolu GPS izləyiciləri vasitəsilə izlənilib.
Almaniyada işləmək üçün icazəsi olmayan Özbəkistan poçtunun göndərişlərdə istifadə olunması diqqət çəkib. Almaniya hakimiyyəti artıq mümkün pozuntuları yoxlayır.
“Bild” nəşri Avropa İttifaqı qanunvericiliyinin mümkün pozuntuları barədə logistika şirkətinə sorğu göndərib. Poçt xidməti cavab verib ki, "nəzarət mexanizmləri belə hazırlanmışdır ki, Avropa İttifaqı sanksiyalarının pozulması demək olar ki, mümkün deyil". Eyni zamanda, "səhv bəyanlar"ın mümkünlüyünü istisna etmirlər.
Almaz Həsənli