Rusiya şəbəkəsi ABŞ və Avropada sui qəsdlər planlaşdırıb

16.09.2026

Icma.az bildirir, Oxumeni.az portalına istinadən.

Rusiya şəbəkəsi ABŞ və Avropada sui-qəsdlər planlaşdırıb

ABŞ-da Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli olan və bir sıra hücumlarda adı hallanan beş nəfərə qarşı ittiham irəli sürüb. Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamentinin məlumatında deyilir.
ABŞ müstəntiqlərinin məlumatına görə, Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli şəbəkə sifarişli qətllər, izləmə, od vurub yandırma və infrastruktura hücumlar kimi fəaliyyətlərlə məşğul olub. Şəbəkə üzvləri ABŞ və Avropada hücumlar planlaşdırmaqda şübhəli bilinirlər. ABŞ Ədliyyə Departamentinin məlumatına əsasən, şəbəkə ən azı 2024-cü ildən bəri fəaliyyət göstərirmiş.

İlkin mərhələdə şəbəkə üzvləri əsasən rusiyalı dissidentlərə və tərəf dəyişdirənlərə (qaçqınlara) diqqət yetirsələr də, sonradan Ukraynanı dəstəkləyən ölkələrdəki şəxsləri və obyektləri hədəf almağa başlayıblar.

İşdə adı keçən şəxslər arasında Rusiya kəşfiyyatının keçmiş polkovniki Yuri Xrameyev, ABŞ hakimiyyətinin FSB zabiti kimi müəyyən etdiyi oğlu Kirill, Kuba vətəndaşı Oemis Romagosa Durruti, Kuba vətəndaşı Yaidel Delgado Suarez və Venesuela vətəndaşı Angel Eduardo Kastro var.

Hadisələrdən biri ABŞ-da rusiyalı bir dissidentə qarşı sui-qəsd planı ilə bağlıdır. İş materiallarına əsasən, Suarez potensial hədəfi izləmək üçün bir nəfəri cəlb edib. Bunun müqabilində həmin şəxsə 1000 ilə 1500 dollar arasında ödəniş təklif olunub.

Daha sonra, ABŞ müstəntiqlərinin məlumatına görə, Suarez və Kastro bir şəxsin "aradan qaldırılması" və ya "yoxa çıxarılması" üçün 40 000 dollar təklif ediblər.

Cəlb edilən şəxs imtina etdikdən sonra, Suarez tapşırığı yerinə yetirmək üçün başqa birini tapa bilib-bilməyəcəyini soruşub. O, həmçinin bildirib ki, Meksikada qətli törədə biləcək adamları var.

Digər bir hadisə Yuri Xrameyevlə bağlıdır. Müstəntiqlərin məlumatına görə, o, bir ABŞ vətəndaşına, həmin vətəndaşın əvvəllər izlədiyi şəxsi öldürmək müqabilində təxminən 25 000 dollar təklif edib. İmtina cavabından sonra Xrameyev iddiaya görə başqa tapşırıqlar – məsələn, anbarı yandırmaq və ya elektrik yarımstansiyasına hücum etmək kimi təkliflər irəli sürüb.

İş materiallarında qeyd olunur ki, o, hədəflərin "Ukraynaya kömək edən bütün ölkələrdə" yerləşdiyini izah edib.

Şəbəkə həmçinin Avropadakı bir sıra əməliyyatlarla əlaqəlidir. Xüsusilə, ABŞ rəsmilərinin məlumatına görə, Durruti 2024-cü ildə Praqa və Litvada həyata keçirilən hücumları əlaqələndirib, icraçıların səfərlərinə kömək edib və onlarla əlaqə saxlayıb.

ABŞ prokuroru Todd Blanş bildirib: "Bizim missiyamız Amerikanın düşmənlərinin ABŞ ərazisində zorakılıq və terror törətməsinin qarşısını almaqdır".

Milli təhlükəsizlik məsələləri üzrə baş prokurorun köməkçisi Con Ayzenberq bildirib ki, istintaqın məlumatına görə, şəbəkə üzvləri qətl və hücumlarla bağlı tapşırıqları yerinə yetirmək üçün ABŞ və digər ölkələrin vətəndaşlarından istifadə etməyə cəhd göstəriblər.

Beş nəfərin hamısı terrorun maliyyələşdirilməsi məqsədilə cinayətkar əlbirliyində ittiham olunur. Bu cinayətə görə maksimum cəza 20 ilədək həbsdir. Bundan əvvəl Estoniya məhkəməsi həm Estoniya, həm də Rusiya vətəndaşlığına malik olan Edqar Muxanovu Rusiya Federasiyası adından kəşfiyyat fəaliyyəti ilə məşğul olduğuna görə altı il müddətinə azadlıqdan məhrum etmişdi.

Əziz Mustafa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью