Rusiya tərəfi AZAL təyyarəsi məsələsindən diqqəti yayındırmaq üçün... ŞƏRH

18.12.2025

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

"Dekabrın sonu yaxınlaşdıqca AZAL təyyarəsinin vurulmasının ildönümü də yaxınlaşır. Məhz bu səbəbdən Azərbaycan Rusiyadan konkret cavablar gözləməkdə haqlıdır. Rusiya Prezidenti Vladimir Putin də Azərbaycan Prezidenti ilə Düşənbədə keçirilən görüş zamanı bəyan etmişdi ki, ilin sonuna qədər AZAL təyyarəsinin vurulması ilə bağlı istintaq Rusiya hüquq-mühafizə orqanları tərəfindən başa çatdırılacaq və bundan sonra bir çox suallara daha dəqiq cavab vermək mümkün olacaq".
Bu sözləri Demokrat.az- açıqlamasında politoloq Oqtay Qasımov deyib. 
O bildirib ki, Azərbaycan tərəfinin də bu məsələ ilə bağlı ciddi gözləntiləri var və rəsmi Bakı istintaqın ədalətli və şəffaf aparılmasını gözlədiyini dəfələrlə ifadə edib:
"Lakin indiyədək müşahidələr göstərir ki, Rusiya bu kimi məsələlərdə tələskənlik nümayiş etdirmir. Rusiya Prezidentinin verdiyi vədlərə baxmayaraq, istintaqın vaxtında yekunlaşdırılması, hüquqi qiymətin verilməsi və günahkarların cəzalandırılması istiqamətində real addımlar görünmür.
Məhz bu tarix yaxınlaşdıqca Rusiyanın davranışlarında fərqli tendensiyalar müşahidə olunur. Son dövrlərdə Rusiyada Azərbaycan diasporasına qarşı təzyiqlərin artması diqqət çəkir və bu hallar artıq kütləvi xarakter almağa başlayıb".
Politoloq deyib ki, Rusiya tərəfi AZAL təyyarəsi məsələsindən diqqəti yayındırmaq üçün bu üsula üstünlük verir və istintaqın ədalətli şəkildə başa çatdırılmasını, nəticələrin açıqlanmasını gecikdirmək məqsədilə bu cür addımlar atır:
"Buna baxmayaraq, Azərbaycan beynəlxalq platformalarda mövqeyini təmkinlə ifadə edir və Rusiyadan verilmiş vədlərə uyğun olaraq cavab gözləməkdə davam edir".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью