Rusiya üçün əsas hədəf Paşinyanı devirmək deyil

03.08.2026

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin sabiq deputatı, hüquq elmləri doktoru Qulamhüseyn Əlibəyli Ermənistan-Rusiya münasibətlərini təhlil edərək bildirib ki, Moskvanın əsas məqsədi Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq deyil, onun siyasi manevr imkanlarını məhdudlaşdırmaqdır.

Azpost.info xəbər verir ki, hüquqşünasın sözlərinə görə, Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqazdakı əsas dayağı olub və ölkənin təhlükəsizlik sistemi, enerji sektoru, iri biznes qrupları, media resurslarının bir hissəsi və siyasi elitası Moskva ilə sıx bağlı fəaliyyət göstərib.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan əvvəlki siyasi elitanın böyük hissəsini hakimiyyətdən uzaqlaşdıraraq Rusiyanın ölkə daxilində qurduğu təsir mexanizmlərini xeyli zəiflədib.

Onun fikrincə, buna baxmayaraq, Kremlin Ermənistanda hələ də bir sıra mühüm təsir rıçaqları qalmaqdadır.

Ekspert bildirib ki, bu rıçaqlar ilk növbədə iqtisadi sahədə özünü göstərir. Ermənistanın enerji sistemi, xarici ticarəti, əmək miqrasiyası və maliyyə axınlarının böyük hissəsi hələ də Rusiya ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışına qoyulan məhdudiyyətlər də təzyiq alətlərindən biri kimi qiymətləndirilir.

Qulamhüseyn Əlibəyli hesab edir ki, Moskvanın digər təsir imkanları Rusiyaya yaxın müxalif siyasi qüvvələr, informasiya resursları və təhlükəsizlik sahəsindəki mövcudluqla bağlıdır. O qeyd edib ki, Qarabağ mövzusunun zaman-zaman yenidən gündəmə gətirilməsi də Ermənistan cəmiyyətinə təsir vasitələrindən biri kimi istifadə olunur.

Hüquqşünasın sözlərinə görə, Ermənistan ordusunun silah sistemlərinin böyük hissəsinin Rusiya istehsalı olması və ölkədə Rusiya hərbi bazasının yerləşməsi də Kremlin əlində mühüm rıçaqlardır. Bununla yanaşı, İrəvan son illər ABŞ, Fransa və Hindistanla hərbi əməkdaşlığı genişləndirərək bu asılılığı azaltmağa çalışır.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, Paşinyanın əsas üstünlüyü onun seçkilər vasitəsilə təsdiqlənmiş siyasi legitimliyidir. Onun fikrincə, bu amil həm daxildə, həm də beynəlxalq aləmdə Paşinyanın mövqeyini gücləndirir.

Ekspert hesab edir ki, Rusiyanın açıq təzyiqləri Ermənistan cəmiyyətində “xarici müdaxilə” kimi qəbul olunarsa, bu, gözlənilən nəticənin əksinə olaraq Paşinyanın siyasi mövqeyini daha da möhkəmləndirə bilər.

Qulamhüseyn Əlibəyli sonda bildirib ki, bu səbəbdən Moskvanın yaxın perspektivdə açıq qarşıdurmadan daha çox uzunmüddətli, çoxşaxəli təsir strategiyasına üstünlük verməsi daha real görünür.

O, həmçinin Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı məsələsinə də toxunaraq qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyü gündəmdə deyil. Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqından çıxmaq üçün referendum keçirilməsi hüquqi baxımdan məcburi deyil və bu məsələdə Rusiyanın İrəvana yönəltdiyi tələblər siyasi təzyiq xarakteri daşıyır.

AzPost.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью