Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna və Rusiya yenidən bir-birinə qarşı raket zərbələri endirməyə başlayıblar. Halbuki bir neçə gün ərzində qarşılıqlı raket hücumları qeydə alınmırdı. ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında üçtərəfli danışıqların keçirilməsi məsələsi gündəmdə idi və Rusiya tərəfi noyabr ayında Əbu-Dabidə belə bir görüşün keçirilməsinə razılıq vermişdi. Lakin görünən odur ki, tərəflər danışıqlar masasına əllərini daha güclü mövqedə qoymaq üçün qarşılıqlı raket zərbələrini bərpa ediblər. Bu isə tərəflər arasında onsuz da zəif olan qarşılıqlı etimadı daha da azaldır.
Qeyd edim ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvaya səfəri və Vladimir Putinlə apardığı danışıqlar üçtərəfli görüşün keçirilməsi perspektivini yenidən gündəmə gətirmişdi. Putinin belə bir görüşə razılıq verməsi diplomatik prosesin davam etdirilməsi baxımından əhəmiyyətli addım idi. Bununla yanaşı, Donald Tramp administrasiyasının Rusiya ilə dizel yanacağı sahəsində razılaşma istiqamətində atdığı addımlar da Vaşinqtonun Moskva ilə münasibətlərdə müəyyən güzəştlər hesabına atəşkəsə nail olmağa çalışdığını göstərirdi.
Bununla belə, hesab edirəm ki, üçtərəfli danışıqlar keçirilsə belə, yaxın perspektivdə ciddi müsbət nəticələrin əldə olunması ehtimalı aşağıdır. Çünki Rusiya yenidən Donbasın hələ də işğal edə bilmədiyi ərazilərindən Ukrayna qoşunlarının çıxarılmasını tələb edə bilər. ABŞ isə tərəfləri bu tələblər ətrafında kompromisə gətirməyə çalışacaq. Müzakirə oluna biləcək variantlardan biri həmin ərazilərin hərbsizləşdirilməsi, yəni nə Rusiya, nə də Ukrayna qoşunlarının bu zonada yerləşdirilməməsidir. Lakin belə bir razılaşmanın əldə olunması üçün tərəflərin ciddi siyasi iradə nümayiş etdirməsi və təhlükəsizlik təminatları ilə bağlı ortaq mövqeyə gəlməsi vacibdir.
Göründüyü kimi, danışıqlar prosesinin başlanması üçün müəyyən siyasi razılıq mövcud olsa da, tərəflər bir-birinə qarşı uzaqmənzilli raketlərdən istifadəni davam etdirirlər. Bu vəziyyət diplomatik təşəbbüslərin nəticə verməsini çətinləşdirir və qarşılıqlı etimadı zəiflədir.
Digər tərəfdən, ABŞ-ın Ukraynaya hərbi dəstəyi ilə bağlı siyasətində də müəyyən dəyişikliklər müşahidə olunur. Vaşinqtonun Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı imkanlarının məhdudlaşdırılması və Starlink peyk rabitəsindən hərbi məqsədlərlə istifadəyə tətbiq edilən məhdudiyyətlər Kiyevin hərbi imkanlarına təsir göstərir. Bu addımlar ABŞ-ın Ukrayna rəhbərliyinə danışıqlarda daha çevik mövqe tutmaq üçün təzyiq göstərməsidir. Bununla yanaşı, Moskvanın hərbi əməliyyatları davam etdirməsi Vaşinqtonun vasitəçilik səylərini mürəkkəbləşdirir.
Bu prosesdə Böyük Britaniyanın və Avropa İttifaqının mövqeyini də nəzərdən qaçırmaq olmaz. London və Avropa ittifaqı Ukraynanın təhlükəsizliyi, hərbi dəstəyi və gələcək sülh razılaşmasının şərtləri məsələsində mühüm rol oynayırlar. Buna görə də müharibənin dayandırılması yalnız ABŞ və Rusiya arasında əldə olunacaq razılaşmadan deyil, həm də Ukraynanın və Avropa tərəfdaşlarının mövqelərinin nə dərəcədə uzlaşdırılacağından asılı olacaq.
Hazırkı mərhələdə danışıqlar üçün müəyyən imkanlar yaransa da, qarşılıqlı raket zərbələrinin bərpası tərəflərin hələ də hərbi təzyiq vasitəsilə siyasi üstünlük qazanmağa çalışdıqlarını göstərir. Əgər tərəflər hərbi əməliyyatları dayandırmaq və real kompromisə nail olmaq istiqamətində konkret addımlar atmasalar, diplomatik təşəbbüslərin nəticəsiz qalacaq.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini