Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ–Rusiya və Ukrayna arasında aparılan danışıqlarda müsbət irəliləyiş əldə olunub. İlk növbədə, Rusiya və Ukrayna qarşılıqlı olaraq enerji obyektlərinə zərbələrin vurulmasını dayandırıblar. İkinci mühüm məqam isə Rusiya və Ukraynanın birbaşa ikitərəfli danışıqlara razılaşmasıdır. Qarşılıqlı enerji obyektlərinə hücumların dayandırılması danışıqlar prosesində ciddi irəliləyişdir.
Müharibə dövründə həm Ukrayna, həm də Rusiya bir-birinin enerji infrastrukturuna sarsıdıcı zərbələr endirirdi ki, bu da xüsusilə mülki əhali və iqtisadiyyat üçün ağır nəticələr doğururub.
Qeyd edim ki, Rusiyanın cəbhə xəttində əhəmiyyətli irəliləyişlər əldə edə bilməməsi və Ukraynanın güclü müqaviməti Vladimir Putini müəyyən güzəştlərə getməyə məcbur edir. Əbu-Dabidə razılaşdırılan ən vacib proseslərdən biri məhz Rusiya və Ukraynanın birbaşa danışıqlar aparmasıdır. Bu ikitərəfli təmaslar humanitar məsələlərin həllinə, eləcə də sənəd üzərində konkret razılaşmaların əldə olunmasına zəmin yarada bilər.
Danışıqlar prosesində Avropa İttifaqı kənarda qalmayıb. Əksinə, Avropa İttifaqının Ukraynaya göstərdiyi ciddi siyasi, iqtisadi və hərbi dəstək Rusiya–ABŞ arasında mümkün sövdələşmə ehtimallarını xeyli zəiflədib. Ukrayna Avropa İttifaqının dəstəyi sayəsində danışıqlarda öz mövqeyini qoruyur.
Əgər ikitərəfli danışıqlar müsbət istiqamətdə davam edərsə, atəşkəsin əldə olunması mümkün görünür. Rusiya da hazırda atəşkəsə getməkdə maraqlıdı görünür. Çünki yeni ərazilər işğal etmək imkanları məhduddur və cəbhədə verilən itkilər kifayət qədər böyükdür.
Məhəmməd Əsədullazadə