Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya tərəfi Ukrayna münaqişəsinin uzunmüddətli və sabit həllinin yalnız ərazi məsələsinin tam şəkildə çözülməsindən sonra mümkün ola biləcəyini bəyan edib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə ABŞ nümayəndəsi Stiv Uitkoff arasında Kremldə keçirilən görüşdən sonra açıqlama verib.
Bu şərt əslində Rusiyanın müharibəyə davam etməkdə qərarlı olduğu deyilmi? Rusiyanın nəzərdə tutduğu "tam şəkildə ərazi məsələsinin çözülməsi" mümkündür? Mümkün olmayan şərti irəli sürməkdə məqsəd nədir?
Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanmasına mane olan əsas məsələ ərazi mübadiləsi məsələsidir:
"Bu barədə ABŞ ilə Rusiya Alyaskada keçirilən görüşdə razılıq əldə etmişdilər. İndi həmin razılaşmanı təzyiq vasitəsilə Ukraynaya qəbul etdirməyə çalışırlar. Sonuncu Davos görüşündən sonra Tramp bəyan edib ki, tərəflər güzəştə getməyə hazırdırlar və razılıq veriblər. Burada Rusiyanın hansı güzəştə getdiyi məlum deyil. Ancaq Zelenskidən Donetsk vilayətinin onun nəzarətində olan hissəsindən çıxması tələb olunur ki, burada Ukrayna prezidentinin güzəştə getməsi o qədər də asan deyil. Çünki xalq bunu qəbul etməz. Müharibə isə davam edir. Rusiya sülh razılaşmasının əldə olunmasını istəmir. Çünki Ukraynanın ərazilərini işğal etmək istiqamətində yavaş-yavaş da olsa irəliləyir.
ABŞ və digər bir sıra Qərb ölkələri də əvvəlki qətiyyəti artıq göstərmirlər və Rusiyaya qarşı güzəştli mövqe tuturlar. Davosda keçirilən son görüşdən sonra Zelenskinin nə qədər məyus olduğu da diqqətdən yayınmadı. Bu gün də Əbu-Dabidə danışıqlar başlayır. Tamamilə mümkündür ki, bütövlükdə sülh sazişi layihəsinin problemli bəndlərinin müzakirəsi keçirilsin. Davosda Zelenskinin Avropa dövlətlərini zəiflikdə günahlandırması Ukrayna prezidentinin nə qədər ümidsiz durumda olduğunu bir daha nümayiş etdirdi. Rusiyanın Ukraynadan tələb etdiyi ərazi təqribən 123 min kvadratkilometrdir. Rusiyanın indiyə qədər işğal etdiyi ərazi təqribən 123 min kvadratkilometrə yaxındır. Reallıq bundan ibarətdir".
Ekspertin sözlərinə görə, belə bir reallıqda Qrenlandiya məsələsinin gündəmə gəlməsi də Avropanın diqqətini Ukraynadan azaltmağa gətirib çıxarır ki, bu amil Rusiyanı müharibəni davam etdirməyə, Ukraynanın digər ərazilərini ələ keçirməyə həvəsləndirir:
"Ona görə də qəsdən Rusiya Ukraynaya qəbul edilməsi mümkün olmayan şərti yenidən irəli sürür. Bu şərtin qəbul olunmaması isə müharibənin davam edəcəyi deməkdir".