Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton və Kiyev mart ayında Rusiya və Ukrayna arasında sülh razılaşmasının əldə olunmasını müzakirə ediblər.
Bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, ABŞ və Ukrayna arasında danışıqlar zamanı müzakirə edilən sxemə əsasən, əldə olunacaq hər hansı razılaşma Ukraynada referenduma çıxarılacaq. ABŞ və Ukrayna rəsmilərinin may ayında seçkilərin və referendumun keçirilməsi imkanını müzakirə etdikləri qeyd olunur.
Mənbələrin məlumatına görə, noyabr ayında baş tutacaq aralıq seçkilər yaxınlaşdıqca, ABŞ Prezident Donald Tramp çox güman ki, daxili məsələlərə daha çox diqqət ayıracaq. Bu isə danışıqlarda iştirak edən amerikalıların vaxtının az olmasından xəbər verir.
Lakin danışıqların gedişi ilə tanış olan bir neçə mənbə təklif olunan qrafikin real olmadığı qənaətindədir. Belə ki, Ukraynanın seçki orqanları mövcud şəraitdə seçkilərin təşkilinin təxminən 6 ay çəkəcəyini proqnozlaşdırırlar.
Kiyev referendumun bütövlüyünü qorumaq üçün seçki kampaniyası dövründə atəşkəs tələb edir, lakin ortada Kremlin döyüş əməliyyatlarını dayandırmaq vədlərini pozmaq tarixçəsi də var.
“Ukraynanın mövqeyi ondan ibarətdir ki, ABŞ və tərəfdaşları Ukrayna üçün təhlükəsizlik təminatları verməyincə heç nə razılaşdırıla bilməz” - mənbə deyib.
Məlumata görə, Zelenski yaxın gələcəkdə seçkilərin keçirilməsi ideyasına açıqdır. Bununla belə, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olmasının qarşısındakı əsas maneə Donbas bölgəsinin taleyinə dair aydınlığın olmamasıdır.
“Ərazi məsələsində hələ də heç bir irəliləyiş yoxdur”, - vəziyyətlə tanış olan mənbənin açıqlamasında deyilir.
Sülh razılaşmasının referenduma çıxarılması həmin sənəddə Ukrayna Prezidentinin səlahiyyətindən kənara çıxan və yalnız ümumxalq səsverməsi ilə qəbul edilə biləcək maddələrdən söhbət getdiyini göstərir.
Sülh danışıqlarında müzakirə olunan məsələlərə nəzərə saldıqda, konstitusion səviyyədə qəbul edilməli olan təklifin Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı olduğunu görmək olar.
Yəni söhbət Ukrayna ərazilərinin bir hissəsinin, hazırkı danışıqların gündəliyinə uyğun olaraq Donbasın Rusiyanın nəzarətinə verilməsindən gedir. Ukraynanın istənilən ərazisinin başqa dövlətə verilməsi Konstitusiyanın 73-cü maddəsinə əsasən müstəsna olaraq, ümumxalq referendumu ilə mümkün ola bilər.
Lakin ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqların iki raundundan sonra tərəflərin pozitiv bəyanatlar verməsinə baxmayaraq, Donbas məsələsində razılıq əldə olunmayıb.
Hətta İkinci görüşdən dərhal sonra Ukrayna prezidenti Zelenski Donbasın heç vaxt güzəştə gedilməyəcəyini bəyan edib. Bu isə ərazi məsələsinin referendum yolu ilə həll edilməsi, yəni Rusiyaya verilməsi təklifinin Vaşinqtonun və Moskvanın təklifi olduğunu qənaətini yaradır. Ancaq müharibə şəraitində Ukrayna xalqının Rusiyanın təklifinin lehinə səs verəcəyi inandırıcı görünmür.
Volodimir Zelenskinin sözlərinə görə, bu ABŞ-nin müharibəni yaya qədər sona çatdırmaq planı ilə bağlıdır.Ukrayna Prezidenti bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı müharibəsini yayın əvvəlinə qədər bitirmək istəyir və çox güman ki, hər iki tərəfi belə bir cədvələ riayət etməyə məcbur edəcək.
“Niyə bu yay? Biz başa düşürük ki, Amerikanın daxilindəki problemlər onlara təsir göstərir və şübhəsiz ki, onlar üçün daha da aktual olacaq”, - deyə Zelenski “Мы-Украina” telekanalına müsahibəsində belə deyib.
Zelenski həmçinin qeyd edib ki, bundan sonra ABŞ-da digər prioritetlər, xüsusilə də Konqresə əlavə seçkilər ortaya çıxacaq.
“Onlar (ABŞ) iyun ayına qədər hər şeyi etmək istədiklərini deyirlər. Müharibənin bu şəkildə bitməsini təmin etmək üçün hər şeyi edəcəklər. Onlar bütün tədbirlərin dəqiq cədvəlini istəyirlər...”, - deyə Zelenski əlavə edib.
Göründüyü kimi, Tramp administrasiyası Konresə noyabr ayında keçiriləcək aralıq seçkilərə hazırlıq başlanana qədər Ukraynada müharibəni başa çatdırmağı və diqqəti daha çox ABŞ-də daxili problemlərin həllinə yönəltmək istəyir.
Ona görə də Ağ Evin mart ayından başlayaraq həm Rusiyaya, həm də Ukraynaya təzyiqləri artıracağı gözlənilir. Ancaq Vaşinqtonda hesab edirlər ki, əsas güzəştə getməli olan zəif bənd Ukraynadır. Yəni danışıqlar prosesində vasitəçi olan ABŞ digər məsələlər üzrə tərəflərin razılaşmaya yaxın olduğunu, yalnız Donbas məsələsini sülh prosesinə maneə yaratdığını düşünür.
Çox güman ki, Tramp administrasiyası Donbasın Rusiyaya verilməsi təklifini referenduma çıxartmaqla problemi həll etməyə çalışır.
“Reuters”-in məlumatında ümumxalq səsverməsinin tarixi üçün mart ayı göstərilsə də, Ukrayna Prezidentinin açıqlaması bu prosesin may-iyun aylarına qədər davam edəcəyini göstərir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər: Rusiya-Ukrayna müharibə
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin