Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya-Ukrayna müharibəsinin 2026-cı ildə dondurulması ehtimalı fonunda aparılan danışıqlar intensivləşir. Dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə münaqişənin nizamlanması ilə bağlı bir sıra mühüm məsələlər, o cümlədən bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri müzakirə olunub. Nümayəndələr üçtərəfli formatda digər mövzular ətrafında da fikir mübadiləsi aparsalar da, həmin məsələlərin detalları açıqlanmayıb.
Danışıqlar fonunda diqqəti çəkən bir sıra iddialar da yayılıb. Belə ki, Ukraynaya Qərb ölkələri tərəfindən 800 milyard dollar həcmində maliyyə dəstəyi qarşılığında Donbasdan imtina etməklə bağlı təklifin irəli sürülə biləcəyi bildirilir. Məlumata əsasən, danışıqlar zamanı sülh sazişinin əsasını təşkil edəcəyi gözlənilən dörd sənəd təqdim olunacaq. Bu sənədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tam çıxarılmasını və ölkənin bərpası üçün 800 milyard dollarlıq yenidənqurma planını nəzərdə tutur. Digər sənəddə Ukraynaya ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri verilməsi və Avropa qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsinə dəstək məsələləri yer alır. Eyni zamanda, razılaşmanın mərhələli icrasını əks etdirən "ardıcıllıq" sənədinin mövcud olduğu bildirilir.
Qeyd olunur ki, maliyyə paketinin hələlik real mənbələrlə təmin olunmadığı, həmçinin Rusiya Prezidenti Vladimir Putinin NATO qüvvələrinin Ukraynada yerləşdirilməsini əhatə edən təhlükəsizlik zəmanətlərini qəbul edib-etməyəcəyinin qeyri-müəyyən qaldığı vurğulanır.
Digər tərəfdən, Rusiya Donbasın öz nəzarətində qalması şərti ilə münaqişənin dondurulmasını təklif edir. Bu ssenariyə əsasən, Rusiya Donetsk və Luqansk vilayətlərinin tam nəzarətini, eləcə də Xerson vilayətinin 77, Zaporojye vilayətinin isə 76 faizini özündə saxlayacaq. Əvəzində Rusiya qoşunlarının Xarkov, Nikolayev, Dnepropetrovsk və Sumı vilayətlərindən çıxarılması nəzərdə tutulur. Razılaşma çərçivəsində Rusiyaya qarşı sanksiyaların bir hissəsinin ləğvi, Moskvanın dollar sisteminə qayıtması və dondurulmuş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulmasına yönəldilməsi də müzakirə olunur. Lakin bu vəsaitin bir hissəsinin Rusiya nəzarətində olan ərazilər üçün istifadə edilməsi şərti irəli sürülür. Həmçinin təklif Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə yol açsa da, NATO-ya üzvlükdən imtinanı ehtiva edir. Rusiya tərəfinin Ukraynanın 800 min nəfərlik ordu saxlamasına prinsipial etiraz etmədiyi, lakin bunun praktik baxımdan mümkün olmadığına inandığı da bildirilir.
Təbii ki, Rusiya-Ukrayna müharibəsinin 2026-cı ildə dondurulması ilə bağlı səslənən iddialar hazırkı geosiyasi reallıqlar fonunda tamamilə istisna edilə bilməz. Lakin söhbət münaqişənin tam bitməsindən deyil, daha çox tərəflər üçün qəbul edilə bilən müvəqqəti kompromisdən, yəni "dondurulmuş münaqişə" modelindən gedir. Bu, postsovet məkanında dəfələrlə müşahidə olunmuş, lakin uzunmüddətli qeyri-sabitlik yaradan bir ssenaridir. İddiaların reallaşma ehtimalı isə bir neçə əsas amildən asılıdır. İlk növbədə, ABŞ və Aİ-nin Ukraynaya uzunmüddətli maliyyə və hərbi dəstəyi əvvəlki intensivlikdə davam etdirmək imkanları getdikcə zəifləyir. Qərbdə daxili siyasi proseslər, seçkilər və iqtisadi çətinliklər Ukrayna məsələsinə yanaşmada praqmatizmi gücləndirir. Bu baxımdan, ilk növbədə, 800 milyard dollarlıq yenidənqurma paketinin tam həcmdə reallaşması ciddi suallar doğurur.
Digər tərəfdən, Rusiya üçün də müharibənin indiki intensivlikdə davam etməsi ciddi iqtisadi və hərbi yükdür. Buna görə də Moskva faktiki nəzarət etdiyi ərazilərin de-fakto tanınması, sanksiyaların qismən ləğvi və beynəlxalq maliyyə sisteminə qayıdış müqabilində münaqişənin dondurulmasına razı ola bilər. Bu isə Kremlin strateji məqsədlərini minimum itkilərlə qorumaq cəhdidir.
Lakin bu Ukraynanın, şəxsən Prezident Volodimir Zelenskinin faktiki ərazi itkisinə razılaşması demək olacaq ki, bu da bir məsələni yenidən gündəmə gətirir. Rusiya nəzarətinə keçirdiyi əraziləri geri qaytarmamaq, Ukrayna da ərazi bütövlüyünü bərpa etmədən münaqişənin bitməsinə razı olmadıqları səbəbindən bir aydan sonra müharibənin dörd ili tamam olacaq. Bu baxımdan, Donbasdan imtina son dərəcə ağır siyasi qərardır. Həm də belə bir razılaşma ölkə daxilində ciddi etirazlara, hakimiyyət böhranına və cəmiyyətin parçalanmasına yol aça bilər.
NATO üzvlüyündən imtina isə Kiyev üçün uzunmüddətli təhlükəsizlik riskləri yaradır, çünki bu halda Ukrayna real hərbi zəmanətlərdən məhrum qala bilər. Lakin onu da unutmaq olmaz ki, Rusiyanın 2022-ci ildə müharibəyə başlamağına göstərdiyi səbəblərdən biri məhz Ukraynanın NATO-ya üzv olması ehtimalı ilə bağlı idi. Rusiyada belə bir yanaşma var ki, ölkə öz sərhədlərini sərhəddə qoruya bilməz. Bu, Moskva üçün milli təhlükəsizlik strategiyasıdır. Ona görə də Rusiyadan sonra neytral dövlətlər olmalıdır. Bu baxımdan, Rusiya ilə həmsərhəd ölkə düşmən də olsa, neytral qalmalıdır. Ukrayna bunu nəzərə almadığı üçün, beynəlxalq hüquq cəhətdən haqlı olsa da, real siyasətdə hücuma məruz qaldı.
Əgər iddialar reallaşarsa, nəticələr regional və qlobal miqyasda hiss olunacaq. Münaqişənin dondurulması Avropada qısamüddətli sabitlik yarada, enerji və təhlükəsizlik risklərini azalda bilər. Lakin eyni zamanda, bu, güc yolu ilə ərazi dəyişikliklərinin mümkün olması presedentini formalaşdıraraq, onsuz da, fiaskosunu yaşayan beynəlxalq hüququ daha da zəiflədə bilər. Uzunmüddətli perspektivdə isə bu ssenari yeni gərginliklərin və mümkün eskalasiyaların əsasını qoya bilər.
Nəticə etibarilə, 2026-cı ildə müharibənin tam bitməsi real görünməsə də, tərəflərin yorğunluğu və beynəlxalq təzyiqlər fonunda dondurulması ehtimalı yüksəkdir. Bu isə münaqişənin sülhdən daha çox, passiv fazaya keçidi kimi görünür.
Mərahim Nəsib