Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaxud Sergey Lavrovun açıqlamasının doğurduğu assosiasiyalar
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi “3+3” regional məşvərət formatı çərçivəsində növbəti görüşün yaxın vaxtlarda keçirilməsini gözləyir. Kremlin baş diplomatı bu fikri Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransının yüksəksəviyyəli plenar iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, sözügedən format iştirakçıları ümumi maraqları birləşdirən gündəliyin reallaşdırılması barədə razılığa gəliblər.
Əlbəttə, “3+3” platformasının növbəti toplantısı reallaşa bilər. Amma bəzi məqamların vurğulanmasına ehtiyac var. O məqamlar ki, sözügedən formatın gerçək funksionallığı baxımından önəmlidir.
Əvvəla, onu deyək ki, “3+3” Cənubi Qafqazda və ona yaxın regionda təhlükəsizlik, siyasi dialoq, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məqsədilə irəli sürülmüş regional platformadır. Onun yaranması ideyası 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qəbulu ilə paralel şəkildə meydana çıxdı. Məlum olduğu kimi, 44 günlük müharibədən sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdı. Bu reallıqlar fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin dekabrında yeni əməkdaşlıq düzəninin yaradılması ideyasını gündəmə gətirdi.
Prezident İlham Əliyev isə regional işbirliyinin genişləndirilməsini və qonşu dövlətlərin iştirakı ilə konkret mexanizmin qərarlaşdırılmasının vacibliyini vurğuladı. İlkin məqsəd müharibədən sonrakı mərhələdə qarşıdurma mühitini əməkdaşlıq müstəvisinə keçirmək, regional iqtisadi inteqrasiyanı təşviq etmək və nəqliyyat yollarının açılmasına şərait yaratmaq idi. O da məlumdur ki, “3+3”də Cənubi Qafqazın üç dövlətinin – Azərbaycan, Ermənistan və Gürcüstanın, habelə regiona bağlı 3 dövlətin – Türkiyənin, Rusiyanın və İranın birlikdə təmsil olunması nəzərdə tutulur. Hərçənd, Gürcüstan bu mənada istisnadır. Yəni ölkənin formatda təmsilçiliyi yox səviyyəsindədir. Rəsmi Tbilisi durumu Rusiya tərəfindən ərazilərinin davam edən işğalı ilə əsaslandırır və mövqeyində haqlıdır. “3+3”ün qayəsində regionun problemlərinin kənar güclərin müdaxiləsi olmadan, ilk növbədə, bölgə dövlətlərinin iştirakı və maraqları əsasında müzakirə edilib yoluna qoyulması dayanır. Sual yaranır: təsisat qarşısına qoyduğu vəzifəni gerçəkləşdirə bildimi və ya nə dərəcədə gerçəkləşdirdi?
***
Deməli, indiyədək “3+3” çərçivəsində xarici işlər nazirlərinin 3 görüşü keçirilib. İlk təmas 2021-ci il dekabrın 10-da Moskvada reallaşıb. Doğrudur, həmin görüşdə nazirlər yox, onların müavinləri iştirak ediblər. Söhbət Azərbaycanın, Ermənistanın, Türkiyə, Rusiya və İranın XİN rəhbərlərinin müavinlərindən gedir. “3+3” regional məşvərət formatı çərçivəsindəki ikinci görüş 2023-cü il oktyabrın 23-də Tehranda, bu dəfə bilavasitə XİN rəhbərlərinin iştirakı ilə keçirildi. Azərbaycanı Ceyhun Bayramov, Ermənistanı Ararat Mirzoyan, Rusiyanı Sergey Lavrov, Türkiyəni Hakan Fidan, İranı isə mərhum Hüseyn Əmir-Abdullahian təmsil etdi. Görüşdə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji və qismən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olundu.
Nəhayət, “3+3” çərçivəsində hələlik sonuncu təmas 2024-cü il oktyabrın 18-də İstanbulda reallaşdı və yekunda beş ölkənin XİN rəhbərləri birgə kommünike qəbul etdilər. Sənəddə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsas prinsiplər kimi təsbit olundu, habelə, nəqliyyat, kommunikasiya, ticarət, enerji, investisiya və qarşılıqlı bağlantılar üzrə əməkdaşlığın genişləndirilməsi razılaşdırıldı.
***
2026-cı il başa çatmaq üzrədir və “3+3”ün növbəti təmasının nə zaman gerçəkləşəcəyi qeyri-müəyyəndir. Ona görə də S.Lavrov başda olmaqla Rusiya rəsmiləri indiyədək “3+3”ün növbəti görüşünün keçirilməsinin vacibliyini vurğulayır, o cümlədən toplantını təşkil etməli olan tərəf kimi Azərbaycan və Ermənistanın adını çəkirlər. Məsələn, Kremlin baş diplomatı 2025-ci il yanvarın 21-də Moskvada Ermənistanın XİN rəhvəri Ararat Mirzoyanla danışıqlardan sonra mətbuat konfransında formata marağın davam etdiyini bildirib. O, düz 4 ay sonra İrəvanda yenə Mirzoyanla görüş sonrası “3+3”ün növbəti iki təmasının Bakı və İrəvanda keçirilməsindən söz açıb: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan tədbirə evsahibliyi edə, öz aralarında razılığa gələ bilərlər. Biz bu prosesi dəstəkləməyə hazırıq. İstərdik ki, növbəti iki tədbir Ermənistanın və Azərbaycanın paytaxtlarında reallaşsın”.
Mövzu ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin 2025-ci ilin dekabrında dedi ki, “3+3” formatında növbəti toplantının ilin sonunadək Bakıda və ya İrəvanda təşkili planlaşdırılır. Səfir hətta onu da vurğuladı ki, Moskva tərəflərə görüşə ev sahibliyinin növbəlilik qaydasının razılaşdırılmasına kömək göstərməyə hazırdır. Əlbəttə, hər şey Kopırkinin dilə gətirdiyi kimi olsaydı, “3+3” çərçivəsindəki təmas reallaşardı... Ardınca M.Zaxarovanın sözügedən görüşün gerçəkləşməsinə çağırış notlu başqa fikirləri də oldu. Nəhayət, S.Lavrov bu il oktyabrın 15-də Bakıda səfərdə olarkən bildirdi ki, ölkəsi “3+3”ün növbəti nazirlər təmasının əvvəlcə Azərbaycanda, sonra Ermənistanda keçirilməsini məqsədəuyğun sayır. Onun sözlərinə görə, Moskva Bakının və İrəvanın bununla bağlı razılığa gəlməsini gözləyir.
***
Beləliklə, Rusiya “3+3”ün davamlı fəaliyyətində maraqlıdır və Lavrov iki gün əvvəlki fikirləri ilə belə bir marağın kökdən düşmədiyini göstərdi. O zaman sual yaranır: Bir çox mürəkkəb məsələlərdə bir-biriləri ilə uzlaşan Azərbaycan və Ermənistan niyə “3+3” formatına ev sahibliyi xüsusunda ortaq məxrəcə gələ bilmirlər? Sualımız ritorikdir. Əlbəttə, ölkələrin razılaşmaları mümkündür. Amma başqa mətləblər var. Diqqətə çatdırdığımız fikirlərdən aşkar görünür ki, Rusiya 2023-cü ildən sonra “3+3”ə Azərbaycan-Ermənistan sülhünün yaradılması istiqamətində özünün vasitəçilik platforması qismində yanaşıb. Halbuki əvvəl, yəni 44 günlük müharibədən sonra durum belə deyildi. Moskva Bakı və İrəvan arasındakı konfliktli vəziyyətin müzakirəsini “3+3”dən fərqli müstəvidə görürdü və bunu elə Lavrovun özü dilə gətirmişdi: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının bu aspektləri “3+3” formatında birbaşa müzakirə olunmur. Tərəflərin razılığına əsasən bunun üçün ayrıca kanallar mövcuddur”.
Deməli, tərəflərin razılığı Rusiya üçün məqbul idi. Hərçənd, onlar ümumən Moskvanı vasitəçilik kanalı saymadıqlarını göstərdilər və bunu vurğulamaq baxımından Ermənistan daha öndə idi. Məsələ ondadır ki, 44 günlük müharibədən sonra Qarabağda artıq canını tapşırmış separatçı rejim qalırdı və rəsmi İrəvan çalışırdı ki, bölgə ermənilərinə beynəlxalq təminat xüsusunda həmin rejim üçün, belə demək mümkünsə, legitim nəfəslik alsın. Qarabağ münaqişəsinin həllinin sonraya saxlanılmanın tərəfdarı olan Moskva, faktiki olaraq, problemi dondurmaq və bölgədəki rus sülhməramlı kontingentini sonsuzadək orada saxlamaq məqsədi güdürdü. Ermənistan isə istəyirdi ki, Qarabağ erməniləri üçün beynəlxalq təminat xüsusunda separatçı rejimin saxlanılması məsələsinin həlli Rusiyasız olsun. Bu düşüncələr fonunda, Ermənistan və Rusiya regional müstəvidəki gözləntilərində “3+3”ə həqiqi sərmayə yatırmaqdan uzaq durdular. Halbuki Azərbaycan və Türkiyə məşvərət formatı ideyasını irəli sürərək, Cənubi Qafqazın kənar oyunçularsız düzən mahiyyətini qabardanda həm də münaqişələrin və ziddiyyətlərin aradan qaldırılması istiqamətində dinamikliyin əldə olunmasına ümid bəsləmiş, iqtisadi inkişaf trayektoriyasını rəhbər tutmuşdular.
Əlbəttə, Bakı və Ankara ilə yanaşı, Tehran və Moskva da regional gözləntilər baxımından “3+3”ə maraq göstərmişdilər. Amma bu maraq, böyük ölçüdə, Cənubi Qafqazın Qərbin mümkün təsirindən qorumaq məqsədinə hesablanmışdı. Yeri gəlmişkən, həmin məqsəd yenə də qalır. Bəs etimad qalırmı, əsas məsələ məhz budur. Söhbət ilk növbədə Rusiyaya etimaddan gedir. Bu barədə düşünərkən, suallar yaranır: Olmazdımız ki, Moskva lap əvvəldən Bakı-İrəvan sülhü üçün optimal addımlar atardı? Yəni Kreml Qarabağdakı rus sülhməramlılarını separatçıların hamisi obrazında göstərib Azərbaycan cəmiyyətini qıcıqlandırmaya bilməzdi?
Sualların açıq qalması Rusiyanın 44 günlük müharibəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasındakı təşəbbüskarlığını da heçə endirdi. Üstəlik, Ermənistanın da Kremlin rolunu əhəmiyyətsizləşdirən jestlərinin az olmadığını vurğulamalıyıq. Yəni mövcud siyasi ab-havada Rusiyanın “3+3” formatına münasibəti təkcə regional əməkdaşlıq müstəvisi qismində məhdudlaşmadı. Moskva bu platformanı Cənubi Qafqazda özünün iştirakını və regional proseslərə təsir imkanlarını qoruyub saxlamaq üçün əhəmiyyətli diplomatik mexanizm hesab etdi. Bu, Rusiya tərəfinin rəsmi açıqlamalarında vurğulanmış Qərbdənkənar regional əməkdaşlıq kazusunda əksini tapdı. Yeri gəlmişkən, ölkənin yanaşması dəyişməyib. Məsələ ondadır ki, Rusiya “3+3” müstəvisində özünün regional mövcudluq parametrindəki mühüm xassəni dəyişmədi, Azərbaycan və Ermənistan arasındakı münaqişəli durumun timsalında konfliktlərin saxlanılması kimi klassik baxışını qorumağa cəhd göstərdi. Ölkənin əsl həqiqətləri vurğulamaması, özünü Qarabağdakı separatçı qurumun hamisi qismində göstərməsi, ümumən erməni təəssübkeşliyi xətti İrəvana manevr imkanları qazandırdı. Manevr isə 2020-ci ilin üçtərəfli Bəyanatını heçə saymaq, Qərbə meyillənmək, Qarabağ ermənilərinə beynəlxalq təminat məsələsi xüsusunda ərazi iddiası avantürasını qorumağa hesablandı. Yekun nəticədə nə İrəvan, nə də Moskva niyyətinə nail oldu.
Məqsədinə çatan Azərbaycan oldu. Ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatçı rejimi tarixin zibilliyinə göndərdi. Hazırda isə Bakı və İrəvanın məxsusi sülh gündəmi var və Moskvanın mövcud istiqamətdə hansısa təşəbbüskarlığına ehtiyac yoxdur. Belə bir durumda Rusiya “3+3” platforması çərçivəsində, bir növ, itirilmişlərin bərpasına ümid bəsləyir və çalışır ki, Cənubi Qafqazdan yapışmaq mexanizmi əldə etsin. Ona görə də Lavrov və Kreml təmsilçiləri durmadan sözügedən məşvərət formatının növbəti toplantısı barədə söz açırlar. Toplantı keçiriləcəkmi, “3+3” təməlində nəzərdə tutulmuş fəaliyyət funsksionallığına malik olacaqmı, bütün bunlara aydınlığı əlahəzrət zaman gətirəcək.
Əvəz RÜSTƏMOV
XQ