Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Rusiya-Ukrayna məsələsi son günlərdə, hətta son həftələrdə Qrenlandiya və İran məsələləri aktuallaşdıqdan sonra sanki bir qədər kölgəyə çəkilib. Amma əslində bu, belə deyil. Ukrayna məsələsi yenə də gündəmdədir. Sadəcə olaraq, digər iki mövzunun ortaya çıxması ilə Ukrayna məsələsi də daxil olmaqla üç əsas problem eyni vaxtda müzakirə olunur. Müxtəlif ölkələr və siyasi qütblər bu üç məsələyə eyni müstəvidə, kompleks şəkildə yanaşmağa çalışırlar. Siyasi və diplomatik bazarlıq da məhz bu üç məsələ arasında gedir. Hər kəs müəyyən bir mövzuda, məsələn, İran məsələsində hansısa güzəştə gedirsə, qarşılığında Ukrayna və ya Qrenlandiya məsələsində üstünlük qazanmağa çalışır. Belə bir proses müşahidə olunur".
Bu fikirləri Redaktor.az-a Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin Əbu-Dabidə keçirdiyi üçtərəfli görüşdən bəhs edən politoloq Akif Nağı bildirdi.
Onun sözlərinə görə, bu prosesdə Rusiya daha fəal mövqe nümayiş etdirir:
"Son məlumatlara görə, Rusiya ciddi şəkildə İrana dəstək verməyə hazırlaşır, eyni zamanda Çin də İrana dəstək vermək niyyətindədir. Belə görünür ki, onlar İranı Amerika ilə müharibəyə sövq etməyə, onu bu münaqişəyə cəlb etməyə çalışırlar. Hesab edirəm ki, bu, İran üçün çox böyük bir fəlakət olar. Açığı, onların bu cür ağılsız addım atacağına inanmıram. Necə ki, vaxtilə Amerika Rusiyanı Ukrayna bataqlığına saldı, indi də bəzi qüvvələr həm Amerikanı İran bataqlığına salmaq, həm də İranı böyük bir fəlakətin içinə sürükləmək istəyirlər. Rusiya İran məsələsində də özünü fəal oyunçu kimi göstərməyə çalışır. Eyni zamanda Rusiya Prezidenti Vladimir Putin son günlərdə ilk baxışdan o qədər də anlaşılmayan bir açıqlama ilə çıxış edərək Qrenlandiyanın Rusiyanın təhlükəsizliyi üçün də önəmli olduğunu bildirdi. Bununla da Rusiya Qrenlandiya ilə bağlı iddiasını ortaya qoymuş oldu. Belə görünür ki, Moskva Qrenlandiya məsələsində Avropa ilə ABŞ arasında yaranan ziddiyyətlərdən yararlanmağa çalışır".
Müsahibimiz qeyd etdi ki, Ukrayna məsələsi ilə bağlı danışıqlar davam edir:
"Son günlərdə aparılan danışıqlar çərçivəsində Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa, vasitəçisiz və şahidsiz görüş formatından istifadə olunub. Bu, müəyyən mənada müsbət tendensiya kimi dəyərləndirilə bilər. Lakin Rusiya-Ukrayna münaqişəsində əsas məsələlər hələ də həll olunmayıb. Danışıqlarda iki əsas problem ön plandadır: Donbas məsələsi və Ukraynanın təhlükəsizliyinə veriləcək zəmanətlər. Rusiya Donbas məsələsində geri çəkilmir. Eyni zamanda Ukraynanın təhlükəsizliyinə dair zəmanətlər məsələsi də gündəmdədir. Qərb, ABŞ və Avropa Ukraynanın təhlükəsizliyinə müxtəlif formalarda zəmanət verildiyini bildirsə də, bu zəmanətlər inandırıcı görünmür. Rusiyanın bu cür bəyanatlarla razılaşıb-razılaşmayacağı isə ciddi sual altındadır. Digər tərəfdən, təhlükəsizlik məqsədilə neytral və ya silahsızlaşdırılmış zonanın yaradılması, yaxud Ukrayna ilə Rusiya arasında sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi müzakirə olunur. Bunlar kağız üzərində müəyyən təminatlar kimi təqdim edilsə də, Rusiya xüsusilə sülhməramlı qüvvələrin yerləşdirilməsinə qəti şəkildə qarşı çıxır.
Donbas məsələsinə gəlincə, bu region əsasən iki vilayətdən - Luqansk və Donetsk vilayətlərindən ibarətdir. Luqansk demək olar ki, 100 faiz Rusiya tərəfindən nəzarətə götürülüb. Donetskin isə müxtəlif mənbələrə görə 15-20 faizi hələ də Ukraynanın nəzarətindədir və Ukrayna bu ərazilərdən geri çəkilmək istəmir. Rusiya Prezidenti Vladimir Putin Donbasın tam şəkildə Rusiyanın nəzarətinə keçməsini əsas şərt kimi irəli sürür və Ukrayna qoşunlarının həmin 15-20 faizlik ərazidən çıxarılmasını tələb edir. ABŞ-nin mövqeyi isə ondan ibarətdir ki, həmin ərazilər ya silahsızlaşdırılmış zona elan edilsin, ya da ora sülhməramlı qüvvələr yerləşdirilsin. Rusiya bunu qətiyyən qəbul etmir. Çünki Donbas həm Rusiya, həm də Ukrayna üçün son dərəcə vacib ərazidir. Rusiya Donbasa iqtisadi baxımdan xüsusi önəm verir, çünki bu bölgə Ukraynanın əsas sənaye mərkəzidir. Təkcə sənaye deyil, kənd təsərrüfatı baxımından da Donbasın mühüm rolu var. Hələ SSRİ dövründə Donbas vilayətinə xüsusi münasibət göstərilirdi. O dövrlərdə belə bir ifadə var idi: “Donbas kömürü sənayenin çörəyidir, Donbas isə Rusiyanın ürəyidir”. Bu ərazilər həm Rusiya, həm də Ukrayna iqtisadiyyatının əsas dayaqlarından biri olub. Məhz buna görə Rusiya bu bölgəni iqtisadi cəhətdən ələ keçirməyə çalışır, Ukrayna isə onu itirməmək üçün mübarizə aparır".
Politoloq nəzərə çatdırdı ki, burada siyasi ambisiya amili də mövcuddur. Onun sözlərinə görə, Donbasda yaşayan əhalinin əhəmiyyətli hissəsi rusdillidir.
"Rusiya siyasi baxımdan çalışır ki, bu ərazilər tam şəkildə onun nəzarətində olsun. Bununla yanaşı, hərbi aspekt daha böyük əhəmiyyət daşıyır. Ukrayna Donbasın həmin 15-20 faizlik hissəsində güclü müdafiə xətti və istehkamlar yaradıb. Bu, Rusiya qoşunları üçün ciddi maneədir.
Ukrayna hesab edir ki, bu ərazilərdən geri çəkilərsə, Rusiya həmin mövqelərdən Ukraynanın dərinliklərinə, xüsusilə Xarkov istiqamətində irəliləmək üçün əlverişli şərait əldə edəcək. Donbasdan sonra Ukraynanın daxilində ciddi müdafiə xətti mövcud deyil. Buna görə də Ukrayna bu mövqeləri itirmək istəmir. Rusiya isə anlayır ki, Donbasın həmin hissəsini də ələ keçirərsə, növbəti hərbi əməliyyatlar üçün imkanları genişlənəcək. Bu amillərin təsiri altında danışıqlar davam edir. Hələlik konkret razılaşma hiss olunmur. Hər dəfə danışıqlardan sonra ABŞ tərəfi müsbət tendensiyanın olduğunu bildirsə də, bunun real nəticələri hələ görünmür. Buna baxmayaraq, danışıqlar davam etdirilir və onlarla paralel olaraq hərbi əməliyyatlar da davam edir. Rusiya Ukraynanın böyük şəhərlərini, o cümlədən Kiyevi mütəmadi olaraq atəşə tutur. Bu, danışıqlarda Ukraynanı güzəştə məcbur etmək üçün təzyiq vasitəsi kimi istifadə olunur.
Bununla yanaşı, ABŞ-nin müdafiə və təhlükəsizlik doktrinasında etdiyi dəyişikliklər də diqqət çəkir. Pentaqonun yeni konsepsiyasına görə, ABŞ üçün əsas hədəf Çindir, Rusiya isə “riskli, lakin idarə olunan” ölkələr kateqoriyasına daxil edilib. Bu, olduqca maraqlı və ziddiyyətli yanaşmadır. Belə bir təəssürat yaranır ki, Rusiyada gedən proseslər müəyyən mənada ABŞ tərəfindən idarə olunur. Ümumilikdə isə görünən odur ki, bu il ərzində proseslərin ciddi və köklü nəticələrə gətirib çıxarması inandırıcı deyil. Hazırkı mərhələdə əsas nəticə kimi yalnız danışıqların davam etdirilməsini qeyd etmək olar", - deyə Akif Nağı yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI