Rusiya və Çin üçün daha bir strateji yaxınlaşma

02.03.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hücumlar Çin ilə Rusiya arasındakı strateji yaxınlaşmanı daha da gücləndirir.

"Cebheinfo.az" xəbər verir ki, "Bloomberg"-in təhlilinə görə, baş verənlər xüsusilə Pekin üçün enerji təhlükəsizliyi məsələsi olaraq ön plana çıxır.

Qeyd olunur ki, Çin dəniz yolu ilə idxal etdiyi neftin təxminən 13,4 %-ni İrandan təmin edir. Bu səbəbdən ABŞ-nin hücumları Çinin enerji tədarük zənciri üçün ciddi risklər yaradır. 

Gərginliyin mümkün artımı Çin iqtisadiyyatı üçün kritik əhəmiyyət kəsb edən neft axınını dayandıra bilər.

Gərginlik artdıqdan sonra Moskva və Pekinin eyni vaxtda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) təcili iclasa çağırdığı bildirilir.

BMT Təhlükəsizlik Şurası çərçivəsində atılan bu diplomatik addım iki ölkənin İran məsələsindəki koordinasiyasını nümayiş etdirir.

Bununla belə, "Bloomberg" Çinin İran məsələsinə görə ABŞ ilə sərt qarşıdurma yoluna girəcəyini gözləmir. Bunun əsas səbəblərindən biri kimi Çin sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında mart ayında planlaşdırılan görüş göstərilir.

Pekin rəhbərliyinin ticarət atəşkəsini qorumaq və iqtisadi sabitliyi davam etdirmək məqsədilə ehtiyatlı diplomatiya yürütdüyü bildirilir.

Agentliyin təhlilinə görə, Si Cinpinin “ölçülü və balanslı” yanaşması gözlənilən sammitin sabit keçməsinə töhfə verə bilər. 

Bu vəziyyətin ABŞ-nin aşağı tarifləri saxlamasına və Çinin ABŞ-yə kritik əhəmiyyətli mineralların tədarükünü təmin etməsinə kömək edə biləcəyi ifadə edilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью