Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlaşmaq siyasətini növbəti dəfə tənqid edib.
Modern.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində Ermənistan rəhbərliyinin bu məsələ ilə bağlı ölkə vətəndaşlarının fikrini öyrənməməsini anlaşılmaz adlandırıb.
“Düzünü desəm, Ermənistan rəhbərliyinin ölkə üçün bu qədər vacib məsələ ilə bağlı əhalinin mövqeyini niyə soruşmağa tələsmədiyini başa düşmürük”, - deyə o bildirib.
Qaluzin həmçinin vurğulayıb ki, Moskva Ermənistanın bir tərəfdən Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atmasını, digər tərəfdən isə üzvü olduğu Avrasiya İqtisadi İttifaqının verdiyi iqtisadi üstünlüklərdən yararlanmasını qəbul etmir.
“Ermənistanın qanunvericilik səviyyəsində Avropa yönümlü siyasətini təsbit etməsi və eyni zamanda Avrasiya İqtisadi İttifaqının bütün imkanlarından istifadə etməsi bizim üçün qəbuledilməzdir”, - Rusiya rəsmisi deyib.
Qeyd edək ki, son dövrlər Ermənistanın Avropa İttifaqı ilə münasibətləri genişləndirmək istiqamətində atdığı addımlar Moskvanın tənqidinə səbəb olur. Rusiya dəfələrlə İrəvanın həm Avropa İttifaqına inteqrasiya etməyə, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalmağa çalışmasının bir-biri ilə ziddiyyət təşkil etdiyini bəyan edib.