Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ildə Rusiya apteklərində 22,3 milyon paket antidepressant satılıb.
Yeniavaz.com “DSM Group”un məlumatlarına istinadən xəbər verir ki, satışların ümumi dəyəri 20,5 milyard rubl (273 milyon dollar) təşkil edib.
Bildirilir ki, bu, 2024-cü illə müqayisədə fiziki həcmdə 24%, pul ifadəsində isə 36% artım deməkdir.
Qeyd olunur ki, bu göstərici 2022-ci ildən bəri ən yüksək artım hesab olunur. Həmin il antidepressant satışları 2021-ci illə müqayisədə paket sayına görə 42%, pul dəyərinə görə isə 66% artıb.
“RNC Pharma” analitik agentliyinin inkişaf direktoru Nikolay Bespalov da satış artımını təsdiqləyib. Onun sözlərinə görə, agentliyin hesablamalarına əsasən, 2025-ci ilə qədər Rusiyada 23,5 milyon paket antidepressant satılıb və satışların dəyəri 19,5 milyard rubla çatıb. Bu isə əvvəlki illə müqayisədə paketlər üzrə 24%, pul ifadəsində 35,8% artım deməkdir.
“DSM Group”un məlumatları göstərir ki, Rusiya aptekləri artıq yeddinci ildir ardıcıl olaraq antidepressant satışlarını artırır. Əgər 2019-cu ildə ruslar 8,4 milyon paket antidepressanta 4,7 milyard rubl xərcləmişdilərsə, son illərdə bu məbləğ dörd dəfə artıb. Xüsusilə 2022-ci ildən sonra antidepressantlara çəkilən xərclər üç il ərzində ikiqat yüksəlib.
Satış həcminə görə ötən il ən populyar antidepressant “Zoloft” olub. 2025-ci ilin sonuna qədər bu dərmandan 3 milyon paket satılıb və satışın dəyəri 1,4 milyard rubl təşkil edib. “Amitriptilin”, “Fluoksetin”, “Escitalopram” və “Trittico” da ən çox satılan beş antidepressant sırasında yer alıb. Pul ifadəsində isə apteklərə ən çox gəlir gətirən preparat “Cipralex” olub – bir il ərzində 1 milyon paket satılaraq 2,7 milyard rubl gəlir təmin edib.
“Infoline-Analytics” şirkətinin baş direktoru Mixail Burmistrov satışların artımını sosial-iqtisadi faktorlarla əlaqələndirir. Onun sözlərinə görə, 2022-ci ildə Ukraynada müharibənin başlanması və qismən səfərbərlik əhali arasında narahatlığı artırıb. Sonrakı illərdə isə əmək bazarındakı qeyri-sabitlik, genişmiqyaslı ixtisarlar, gəlirlərin azalması və yüksək borclanma səviyyəsi psixoloji gərginliyi daha da gücləndirib.