Icma.az bildirir, Oxu.az portalına istinadən.
1 sentyabr 2026-cı ildən etibarən Rusiyada bakalavr və magistr pillələri ləğv ediləcək, əvəzində baza və ixtisaslaşmış ali təhsil sistemi yaradılacaq.
Oxu.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Dövlət Dumasının Elm və Ali Təhsil Komitəsi sədrinin birinci müavini Kseniya Qoryaçeva bildirib ki, dəyişiklik 2026-2027-ci tədris ilindən başlayan abituriyentlərə şamil olunacaq, hazırkı tələbələr təhsillərini mövcud proqramlar üzrə başa vuracaqlar.
K.Qoryaçevanın sözlərinə görə, baza ali təhsili ixtisasdan asılı olaraq 4-6 il, ixtisaslaşmış ali təhsil isə 1-3 il müddət tələb edəcək:
"Bu, mahiyyət etibarilə peşəkar, idarəetmə və tədqiqat istiqamətləri ilə yenilənmiş magistr proqramı formatıdır. Vacib bir əlavə odur ki, əvvəllər bir ixtisas proqramını bitirdikdən sonra magistr proqramında dövlət tərəfindən maliyyələşdirilən yerlərə müraciət etmək mümkün deyildi. Bu qadağa artıq qüvvədə deyil. İstənilən əsas proqramın məzunları dövlət tərəfindən maliyyələşdirilən yerlər üçün rəqabət apara biləcəklər.
Bolonya sisteminin dəyişdirilməsi ilə bağlı müzakirələr 2022-ci ildə başlayıb. Sonra keçid proqramı hazırlanıb və modelin tətbiqi ilə bağlı altı universitetdə pilot layihəyə başlanılıb. İndi bu təcrübə genişləndirilir".
Onun sözlərinə görə, yeni model universitetlərə proqramlarını fundamental xarakterini itirmədən real ehtiyaclara uyğunlaşdırmaq üçün daha çox sərbəstlik verir.