Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın İrkutsk vilayətində insanlarla qarşıdurmaya girən 342 problemli ayı tutulub və məhv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev məlumat verib.
Onun sözlərinə görə, “Sistem-112” xidmətinə yaşayış məntəqələrinin yaxınlığında ayıların görünməsi ilə bağlı gündəlik 80-ə qədər müraciət daxil olur. Vəziyyət xüsusilə Bratsk, Tayşet, Slyudyansk, Ust-İlimsk, Ust-Kut, Nijneilimsk və Nijneudinsk rayonlarında gərgin olaraq qalır.
Kobzev bildirib ki, sentyabrın 30-na olan məlumata görə, 564 ayının nəzarətə götürülməsi ilə bağlı 193 qərar qəbul edilib. Hazırda 342 problemli ayı tutulub.
Bölgədə ovçular, meşəbəyilər və təcrübəli mütəxəssislərdən ibarət 142 qrup yaradılıb. Hər gün 12-15 ayının ovlandığı bildirilir ki, bu da ötən ilin göstəricisindən təxminən beş dəfə çoxdur.
İrkutsk vilayətində qəhvəyi ayıların sayının 22 mindən çox olduğu qeyd edilir. Qubernatorun sözlərinə görə, son 30 ildə bölgədə bu heyvanların populyasiyası iki dəfədən çox artıb.
Bioloq və zooloq Aleksandr Lipkoviç daha əvvəl “Regnum”a açıqlamasında ayı populyasiyasının artmasının heyvanlar arasında qarşılaşmaları çoxaltdığını bildirib. Onun sözlərinə görə, təbii şəraitdə tək yaşayan ayıların daha tez-tez bir-biri ilə qarşılaşması onların aqressivliyinə təsir göstərə bilər.
Zooloq və ov gözətçisi Mixail Kreçmar isə insanlarla ayılar arasında artan qarşıdurmanın səbəblərindən biri kimi heyvanların sayının çoxalmasını və qida çatışmazlığını göstərib.
Murad İsmayıl