Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olduqdan sonra tibbi müayinədən keçməsi qaydaları sərtləşdirilib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, bu, sentyabrın 1-də qüvvəyə minən qanundan irəli gəlir.
Əvvəllər Rusiya Federasiyasına daxil olduqdan sonra miqrantlar 90 gün ərzində təhlükəli yoluxucu xəstəliklərin və İİV-in, eləcə də narkotik vasitələrdən istifadə faktının müəyyən edilməsi üçün tibbi müayinədən keçməli idilər. İndi bu müddət 30 günədək azaldılıb. Bundan əlavə, Rusiyaya 30 gündən artıq müddətə gələn miqrantlar hər il tibbi müayinədən keçməlidirlər. Qanunda həmçinin tibbi müayinə xərclərinin miqrantların özləri və ya işəgötürənləri tərəfindən ödənilməsi nəzərdə tutulur.
Bundan başqa, sənəddə əmək miqrantlarının müayinəsi zamanı vasitəçilik qadağan edilir - tibbi müayinələri yalnız bunun üçün səlahiyyətli təşkilatlar həyata keçirə biləcəklər. Yeniliklər həmçinin müvəqqəti yaşamaq və ya işləmək icazəsinin alınması, eləcə də patentin yenidən rəsmiləşdirilməsi üçün tibbi müayinədən keçmənin məcburi olmasını nəzərdə tutur.
Tibbi müayinənin nəticələrinə əsasən, o cümlədən vahid informasiya sisteminə (VİSİS) daxil edilməklə elektron formada tibbi rəy hazırlanacaq.
Müayinə zamanı miqrantlarda təhlükəli xəstəliklər, İİV aşkar edilərsə və ya əcnəbinin narkotik vasitələrdən istifadə etdiyi müəyyənləşərsə, tibb təşkilatları ölkədən çıxarılma ilə bağlı operativ qərar qəbul edilməsi üçün 24 saat ərzində bu barədə Daxili İşlər Nazirliyinə və Rospotrebnadzora məlumat verməli olacaqlar.