Rusiyada ən çox və ən az satılan avtomobil modelləri açıqlandı

27.01.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


2025-ci ildə Rusiyada işlənmiş avtomobil bazarı artım nümayiş etdirib.
Yeniavaz.com
“Autostat”a istinadən xəbər verir ki, il ərzində ölkədə 6 milyon 236 minə yaxın işlənmiş avtomobil satılıb və bu, illik müqayisədə 3,3% çoxdur.
Yeni avtomobil bazarında isə geriləmə qeydə alınıb. Belə ki, 2025-ci ildə Rusiyada yeni avtomobil satışları 15,5% azalaraq 1 milyon 326 min 16 ədədə düşüb.
2025-ci ildə işlənmiş avtomobil bazarının təxminən yarısını cəmi beş brend formalaşdırıb. Liderliyini qoruyan “Lada” markası il ərzində 1 milyon 533 min 214 işlənmiş avtomobil satıb. Bununla belə, brendin bazar payı 24,84%-dən 24,59%-ə enib.
İkinci yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb. Brend 624 min 822 avtomobil sataraq bazarın 10,02%-ni ələ keçirib. Sonrakı pillələrdə Koreyanın “Kia” (358 min 837), “Hyundai” (343 min 114) və Yaponiyanın “Nissan” (272 min 923) markaları yer alıb.
2025-ci ildə ən çox satılan on işlənmiş avtomobil brendi sırasında “Volkswagen” (260 min 967), “Chevrolet” (219 min 27), “Honda” (207 min 674), “Renault” (207 min 491) və BMW (184 min 308) də olub. İlk onluqda yer alan yeddi brend 2024-cü illə müqayisədə müsbət artım göstərib. Ən yüksək artım tempi BMW-də qeydə alınıb – 8,9%. “Nissan” markasında isə işlənmiş avtomobil satışları illik müqayisədə 3,4% azalıb.
Model üzrə liderliyi “Lada 2107” sedanı qoruyub. Bu modeldən 2025-ci ildə 142 min 336 ədəd satılıb. İlk beşliyə həmçinin “Kia Rio” (120 min 912), “Hyundai Solaris” (118 min 189), “Lada 2114 Samara-“2 (112 min 433) və “Ford Focus” (107 min 105) daxil olub.
Ən çox satılan on modelin yarısı ötən il bazar artımı göstərib. Ən güclü artım “Toyota Camry” modelində qeydə alınıb (+3,1%). Mənfi dinamika göstərən beş model arasında ən böyük azalma 8,4% ilə “Lada 2114 Samara-2” hetçbekində müşahidə edilib.
Təkcə dekabr ayında Rusiyada 574 min 210 işlənmiş minik avtomobili alınıb. Bu göstərici noyabr ayı ilə müqayisədə 2,5% az, 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə 9,8% çoxdur.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью