Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva İrəvanı strateji seçim qarşısında qoymağa çalışır
Rusiya–Ermənistan münasibətlərində siyasi ritorika sərtləşib. Bu, regionda güc balansının dəyişdiyini və geosiyasi rəqabətin artdığını göstərir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Ermənistanı NATO və Qərblə əməkdaşlıqda ittiham etməsi bu gərginliyin nəticəsidir. Onun çıxışında Ermənistanın Gürcüstan, Ukrayna və Moldova ilə eyni kontekstdə göstərilməsi və Qərbin postsovet məkanında təsir vasitəsi kimi təqdim olunması Moskvanın regiona daha sərt yanaşdığını ortaya qoyur.
Medvedevin iddiasına görə, NATO Ermənistan hakimiyyətini Rusiyaya qarşı geosiyasi təzyiq aləti kimi istifadə edir. O, bu prosesi təkcə Ermənistanla məhdudlaşdırmır, onu postsovet məkanında daha geniş strategiyanın bir hissəsi kimi təqdim edir. Onun fikrincə, NATO formal olaraq əməkdaşlıq və təhlükəsizlik kimi prinsiplərdən danışsa da, əsas məqsəd Rusiyanın sərhədlərinə yaxınlaşmaq və onun bölgədə təsirini azaltmaqdır. Bu strategiya çərçivəsində NATO ayrı-ayrı ölkələrdə “müstəqil siyasi qərar verirmiş kimi görünən, amma əslində Qərbin maraqlarına uyğun hərəkət edən” hökumətlərlə əməkdaşlıq edir. Medvedev bu ölkələri “marionet rejimlər” adlandırır.
Bu yanaşma Moskvanın postsovet məkanında baş verən dəyişikliklərə, əsasən, təhlükəsizlik prizmasından baxdığını göstərir. Rusiya siyasi elitasının fikrincə, Qərbin regiondakı fəaliyyəti təkcə diplomatik və iqtisadi əməkdaşlıq deyil, həm də Moskvanın təsir zonasını azaltmağa yönəlmiş siyasətdir. Bu baxış, eyni zamanda, Ermənistan kimi ölkələrin daxili siyasi qərarlarını xarici təsirlərlə izah edir və onların suveren seçimlərini böyük güclər arasında geosiyasi qarşıdurmanın bir hissəsi sayır. Kreml üçün Ermənistanın xarici siyasət kursu artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində qiymətləndirilmir. İrəvanın hər bir addımı daha geniş regional və qlobal geosiyasi balansın tərkib hissəsi kimi qəbul olunur. Onun Ukrayna yolu ilə getdiyini bildirir.
Şübhəsiz, son illər Rusiya üçün postsovet məkanı, xüsusilə Cənubi Qafqaz klassik təsir zonası modelindən çıxaraq rəqabətli və çoxqütblü geosiyasi məkana çevrilib. Bu çərçivədə Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməsi, Qərb institutları ilə yaxınlaşması və alternativ təhlükəsizlik və iqtisadi tərəfdaşlıqlar axtarması Moskva tərəfindən diplomatik diversifikasiya deyil, strateji istiqamət dəyişikliyi kimi qəbul edilir. Əslində, Ermənistanın daxili siyasi qərarları və xarici siyasət seçimi Rusiya tərəfindən daha geniş təhlükəsizlik müstəvisinə daşınır. İrəvanın inteqrasiya cəhdləri regional güc balansına təsir edən amil kimi qəbul olunur və bu, Moskvanın reaksiyasını sərtləşdirir. Yəni Rusiya–Ermənistan münasibətləri tədricən klassik müttəfiqlik modelindən uzaqlaşaraq daha mürəkkəb və ziddiyyətli mərhələyə daxil olur. Bu mərhələdə ənənəvi strateji tərəfdaşlıq elementləri qalmaqla yanaşı, geosiyasi rəqabət, etimad böhranı və İrəvanı seçim qarşısında qoymaq cəhdləri müşahidə olunur. Bir tərəfdən Ermənistan hələ də təhlükəsizlik, enerji və iqtisadi sahələrdə Rusiyadan ciddi asılılığını qoruyur. Digər tərəfdən isə Aİ ilə əməkdaşlığın genişləndirilməsi və institusional islahatlar vasitəsilə Qərbə yaxınlaşma cəhdləri Moskva tərəfindən təsir zonasından uzaqlaşma siqnalı kimi qəbul edilir. Bu vəziyyət münasibətləri sadə “müttəfiqlik” və ya “qarşıdurma” çərçivəsinə salmağa imkan vermir. Əksinə, tərəflər bir-birindən qarşılıqlı asılılıq şəraitində qalmaqla yanaşı, strateji baxımdan fərqli istiqamətlərə yönəlmiş siyasət yürüdürlər. Formalaşan model həm əməkdaşlıq, həm də təzyiq elementlərini özündə birləşdirən hibrid və dinamik geosiyasi münasibətlər sistemi kimi çıxış edir.
* * *
Kremlin strateji məqsədlərindən biri Ermənistanın Qərbə, xüsusilə Aİ-yə inteqrasiya prosesini məhdudlaşdırmaq və nəzarət altında saxlamaqdır. Bu yanaşmaya görə, Qərbə inteqrasiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində mövcud iqtisadi-siyasi balansı zəiflədə bilər. Bu səbəbdən Moskva İrəvana dolayı və ya açıq şəkildə “strateji seçim et” mesajı verir və paralel inteqrasiya modelini qəbulolunmaz sayır. Bu yanaşmanın mühüm dayaqlarından biri iqtisadi asılılıq faktorudur. Rusiya rəsmiləri Ermənistanın Aİİ-dən çıxacağı və ya bu platformadakı iştirakını zəiflədəcəyi halda ciddi iqtisadi itkilərlə üzləşəcəyini vurğulayır. Eyni zamanda, Moskva Ermənistanı təhlükəsizlik baxımından da öz orbitində saxlamağa çalışır. Cənubi Qafqazda NATO və Qərbin artan təsiri Rusiyanın regional təhlükəsizlik arxitekturası üçün risk kimi qiymətləndirilir. Bu səbəbdən Ermənistanın xarici siyasətdə hər bir addımı daha həssas dəyərləndirilir və Qərblə yaxınlaşma cəhdləri strateji təhdid kimi qəbul olunur. Bu durum Ermənistan üçün olduqca mürəkkəb və çoxqatlıdır. Ölkə bir tərəfdən Aİİ üzvü kimi Rusiya ilə dərin iqtisadi və institusional bağlılıqlara malikdir, digər tərəfdən isə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə və demokratik institutları gücləndirməyə çalışır. Bu ikili reallıq İrəvanı balans siyasətinə məcbur edir.
Mövcud şəraitdə Ermənistan üçün bir neçə əsas strateji seçim formalaşır. Birinci variant balans siyasətinin davam etdirilməsidir. Aİİ üzvlüyünü qorumaqla yanaşı, Aİ ilə islahat və əməkdaşlığı paralel inkişaf etdirmək. Bu model qısa müddətdə sabitlik yaratsa da, uzunmüddətli perspektivdə Şimaldan təzyiqlərin artması riskini saxlayır. İkinci variant Aİ ilə daha dərin və sürətli inteqrasiyadır. Bu seçim Ermənistanın Qərb institutlarına yaxınlaşmasını sürətləndirə bilər, lakin eyni zamanda Rusiya ilə münasibətlərdə ciddi gərginliklər və iqtisadi-təhlükəsizlik riskləri yaradar. Üçüncü variant isə Aİİ daxilində qalmaqla yanaşı, bu platformada şərtlərin yenidən danışıqlarla dəyişdirilməsi və daha çevik iqtisadi manevr imkanlarının əldə edilməsidir. Bu yanaşma kompromisyönümlü model kimi Moskva ilə açıq qarşıdurmadan yayınmağa imkan verir.
Daha radikal ssenari kimi referendum ideyası da gündəmdədir. Bu model qərarın birbaşa ictimai səsvermə ilə müəyyən olunmasını nəzərdə tutur və legitimlik baxımından güclü görünsə də, daxili siyasi qütbləşməni dərinləşdirə və xarici müdaxilə risklərini artıraraq geosiyasi gərginliyi kəskinləşdirə bilər.
Ümumiyyətlə, Rusiya Ermənistanı öz geosiyasi təsir zonasından tam çıxmayan, Qərblə də dərin inteqrasiyaya getməyən “idarə olunan status”da saxlamağa çalışır. Ermənistan isə təhlükəsizlik zəmanətləri, iqtisadi asılılıq və siyasi suverenlik arasında getdikcə daralan manevr sahəsində seçim etməyə məcburdur.
Ermənistandan fərqli olaraq, Azərbaycanın Qərblə münasibətləri daha çox praqmatik maraqlara əsaslanan və bloklaşmadan uzaq balanslaşdırılmış model üzərində qurulub. Avropa İttifaqı ilə əməkdaşlıq əsasən enerji, ticarət və nəqliyyat layihələri çərçivəsində inkişaf edir. Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirərək onu etibarlı tərəfdaş kimi möhkəmləndirib. NATO ilə münasibətlər isə məhdud, lakin stabil təhlükəsizlik və sülhməramlı əməkdaşlıq formatında davam edir. Azərbaycan alyansla əməkdaşlığı hərbi-siyasi bloklaşmaya çevirmədən, suveren xarici siyasət xətti çərçivəsində saxlayır.
Beləliklə, Azərbaycanın Qərblə münasibətlərində əsas fərqləndirici cəhət şəffaflıq, balans və qarşılıqlı fayda prinsipinə əsaslanan çevik diplomatiyadır. Bu model ölkəyə regional və beynəlxalq siyasətdə daha sabit manevr imkanları yaradır, qonşuları ilə gərginliyin azalmasına, faydalı əməkdaşlığa xidmət edir.
Pünhan ƏFƏNDİYEV
XQ