Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Rusiyanın Saratov vilayətinin Engels şəhərində Rusiya Aerokosmik Qüvvələrinin yüksək rütbəli zabitinə sui-qəsd edilib.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə sentyabrın 3-də Engels şəhəri yaxınlığındakı “Probujdeniye” qəsəbəsində baş verib. Naməlum şəxs hərbçiyə atəş açıb. Yaralanan zabit xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı qəsdən adam öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi başlanıb. Hadisə yerində güllə və gilizlər aşkarlanıb.
Rusiya mediasının məlumatına görə, hücum edən şəxs motosikletlə hərbçinin yaşadığı əraziyə gəlib və dəbilqə ilə üzünü gizlədib. O, zabitə iki dəfə atəş açdıqdan sonra hadisə yerindən qaçıb.
Məlumatlara əsasən, güllələrdən biri zabitin üzünə, digəri isə bədəninə dəyib. Hərbçinin sürücüsünün də yaralandığı bildirilir. Zabit əvvəlcə Saratovdakı xəstəxanaya aparılıb, daha sonra müalicəsinin davam etdirilməsi üçün xüsusi təyyarə ilə Moskvaya göndərilməsi planlaşdırılıb.
Hücumun general Nikolay Varpaxoviçə edildiyi bildirilir
Ukrayna və bir sıra Rusiya mənbələrinin məlumatına görə, sui-qəsdə hədəf 22-ci ağır bombardmançı aviasiya diviziyasının komandiri, general-mayor Nikolay Varpaxoviç olub. Lakin Rusiya İstintaq Komitəsi hazırda yaralanan hərbçinin adını rəsmi açıqlamayıb.
Varpaxoviç Ukraynanın hüquq-mühafizə orqanlarının diqqətində olan Rusiya hərbçilərindən biridir. Ukrayna tərəfi onu 2024-cü il iyulun 8-də Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına endirilən raket zərbəsi ilə əlaqələndirir.
Ukrayna istintaqının versiyasına görə, Varpaxoviç raket zərbəsinin endirilməsi barədə döyüş əmri verib və onun tabeliyində olan uzaqmənzilli aviasiya bölmələri Tu-95MS bombardmançı təyyarəsindən X-101 qanadlı raketi buraxıb.
Ukrayna həmçinin onu digər raket zərbələri ilə əlaqələndirib və barəsində qiyabi şübhə elan edib.
Hazırda hücumun motivi və sifarişçisinin kim olduğu məlum deyil. Hücum edən şəxsin saxlanıldığı barədə də rəsmi məlumat yoxdur. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi, Federal Təhlükəsizlik Xidməti və polis əməkdaşları araşdırma aparır.
Nadir