Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın Primorye diyarında bazar günü Terney qəsəbəsindən Edinka kəndi istiqamətinə uçan "Robinson" tipli helikopter müəyyən olunmuş vaxtda rabitəyə çıxmayıb və radarlardan itib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Kommersant" qəzeti Rusiyanın rəsmi strukturlarına istinadən yayıb.
Məlumata görə, helikopterin göyərtəsində iki nəfər — pilot və meşə təsərrüfatı üzrə müşahidəçi-təyyarəçi olub. Hazırda onların koordinatlarını və yerini müəyyən etmək mümkün olmayıb.
Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsindən verilən açıqlamaya görə, helikopterin itkin düşdüyü ehtimal edilən rayonda dərhal irimiqyaslı axtarış-xilasetmə tədbirlərinə başlanılıb. Faktla bağlı hava nəqliyyatının hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması (iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb.
Uzaq Şərq Nəqliyyat Prokurorluğu itkin düşən hava gəmisinin meşə-aviasiya monitorinqi işlərini yerinə yetirən "Robinson R-44" markalı helikopter olduğunu dəqiqləşdirib. Planlaşdırılan qrafikə əsasən, ekipaj yerli vaxtla günorta saat 12:00-da rabitə seansına başlamalı idi.
Nəzarət qurumu uçuş təhlükəsizliyi tələblərinə riayət olunub-olunmaması ilə bağlı yoxlamalara başlayıb.
Qeyd edək ki, helikopterin yönəldiyi Edinka kəndi Primorye diyarının mərkəzdən ən uzaq yaşayış məntəqəsi hesab olunur və bura ilə əlaqə əsasən müntəzəm hava nəqliyyatı vasitəsilə təmin edilir.
Bizim.Media