Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya hakimiyyəti xüsusən cəbhədəki canlı qüvvə itkilərini doldurmaq və gizli səfərbərliyi gücləndirmək məqsədilə ölkənin müxtəlif regionlarında kişilərin məcburi şəkildə saxlanılması və hərbi müqavilə imzalamaya məcbur edilməsi təcrübəsini davam etdirir.
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
Məlumatlara görə, hüquq-mühafizə və hərbi qeydiyyat orqanları Penza, Kamensk və Kuznetsk şəhərlərində kütləvi "ablava"lar - basqınlar həyata keçiriblər. İctimai nəqliyyat və avtomobillər dayandırılaraq, hərbi qeydiyyatda olmayan kişilər saxlanılıb, birbaşa yoxlama məntəqələrinə və hərbi komissarlıqlara aparılıb. Hüquq müdafiəçiləri və yerli sakinlər saxlanılan bəzi şəxslərə qarşı fiziki təzyiq və psixoloji zorakılıq tətbiq olunduğunu bildirirlər.
Şahidlərin yerli "Meduza" nəşrinə və "Azadlıq" radiosunun rus redaksiyasına danışdıqlarına görə, iyun 17-19-da Penzada küçələrdən kimi gəldi, təsadüfən keçənləri, içkili olanları, kiçik bir inzibati xətaya yol verənləri, cəriməsi və bank borcu olanları və s. tutub aparırlar.
Penza vilayətinin hakimiyyət orqanları və polis kütləvi zorakılıq və məcburi səfərbərlik xəbərlərini təkzib edərək, reydlərin yalnız qeydiyyatdan yayınan və ya Rusiya vətəndaşlığı almış, lakin hərbi uçota durmayan şəxsləri aşkar etmək üçün aparılan "planlı yoxlamalar" olduğunu iddia ediblər.
Hadisə sosial mediada yerli sakinlərin etirazlarına səbəb olub, xüsusilə qadınların hərbi avtomobillərin qarşısını kəsərək saxlanılanların sərbəst buraxılmasını tələb etdiyi videolar yayılıb.
Digər regionlar üzrə də oxşar faktlar qeydə alınıb.
Ryazan vilayəti kimi bəzi bölgələrdə qubernator səviyyəsində müəssisələrə işçilərini Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur etmək üçün kvotalar qoyulub. Universitetlərdə tələbələrin təhsil hüquqları ilə manipulyasiya edilərək onlara eyni təzyiqlərin göstərildiyi bildirilir .
Beynəlxalq və müstəqil məlumatlar:
Müstəqil insan haqları təşkilatları və Ukrayna mənbələri bu addımları kütləvi səfərbərlikdən yayınma cəhdlərini neytrallaşdırmaq üçün aparılan "səssiz və gizli səfərbərlik" strategiyası kimi qiymətləndirirlər. Yerli rəsmilər baş verən bəzi insidentlərin qeydə alındığı sosial şəbəkə görüntülərini bəzən "feyk", "quraşdırma" adlandıraraq inkar etməyə çalışırlar. Lakin bu proseslərin miqyası və Rusiyada qüvvəyə minən ilboyu hərbi xidmətə çağırış qanunları vətəndaşların hərbi xidmətə cəlb edilməsi mexanizmlərini daha da sərtləşdirib. Ə
S.Laçın