“Rusiyada miqrant uşaqlarının sayı təxminən 25% azaldı”

28.01.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Rusiyada miqrant uşaqlarının sayı 2025-ci ilin əvvəlilə müqayisədə demək olar ki, 25% azalıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib. O xatırladıb ki, 28 yanvar tarixindən etibarən qüvvəyə minən qanun Rusiya DİN-i ilə təhsil sahəsində idarəetmə orqanları arasında əcnəbi uşaqlar barədə məlumat mübadiləsini nəzərdə tutur.

Volkun sözlərinə görə, “bu yenilik Rusiyada yetkinlik yaşına çatmayan əcnəbi vətəndaşların ölkədə qalmasına nəzarət məqsədi daşıyır”. Gələcəkdə bu məlumatlar əcnəbi vətəndaşın rəqəmsal profilinə daxil ediləcək.

Miqrasiya qanunvericiliyinin sərtləşdirilməsindən sonra Rusiyada, o cümlədən, miqrant uşaqlarının rus dili üzrə imtahan vermədən məktəblərə qəbul olunması qadağan edilib, onların valideynləri isə ölkə ərazisində qanuni qalmanı təsdiqləməyə məcbur edilib. Nəticədə ötən ilin sentyabrında əcnəbi vətəndaşların uşaqlarının 87,5%-i məktəblərə qəbul oluna bilməyib.

Ən əsas antimiqrasiya qanunlarından biri Rusiyada “nəzarətdə olan şəxslər reyestri”nin yaradılması olub. Bu reyestrə miqrasiya qanunvericiliyini pozan bütün əcnəbi vətəndaşlar daxil edilir. Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2025-ci ilin oktyabrında bildirmişdi ki, 1 sentyabr tarixinə həmin reyestrdə 770 min miqrant qeydə alınıb və onların üçdə birini qadınlar və uşaqlar təşkil edir.

Ağagül Mürsəlov
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью