Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın ən iri şirkətləri hərbi komissarlıqlar üçün səfərbərlikdən “bron” veriləcək əməkdaşların siyahılarını hazırlamağa başlayıb.
Azpost.info bildirir ki, bu barədə “VÇK-OQPU” məlumat yayıb.
Nəşr nümunə kimi Rusiyanın ən böyük polad istehsalçılarından biri olan “Evraz” şirkətinin daxili sənədlərini dərc edib. Şirkətdə 70 mindən çox insan çalışır. “Evraz”ın Qərbi Sibir Metallurgiya Kombinatının əməliyyat direktoru Aleksey Qolovatenkonun imzaladığı əmrdən çıxarışa əsasən, “bron” veriləcək şəxslərin siyahısına ehtiyatda olan Rusiya vətəndaşları daxil ediləcək.
Sənədə görə, əmrin surəti müəssisənin yerləşdiyi Nijni Tagil şəhərinin hərbi komissarlığına göndəriləcək.
“Evraz”da “bron” alan əməkdaşlardan bu qərarla razı olduqlarını təsdiqləyən imza da tələb olunur. Bununla yanaşı, şirkətin hazırladığı siyahıya 2002–2003-cü il təvəllüdlü işçilər daxil edilməyib.
Rusiya hakimiyyəti səfərbərlik iddialarını təkzib edir
Rusiya rəsmiləri isə Ukraynada döyüşən ordunun şəxsi heyətini artırmaq üçün yeni səfərbərliyin keçiriləcəyi barədə məlumatların həqiqətə uyğun olmadığını bildirirlər. Kremlin sözçüsü Dmitri Peskov belə xəbərləri “informasiya ördəyi” adlandırıb. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə bu məlumatları “cəfəngiyyat” kimi qiymətləndirib.
Rusiya Dövlət Dumasının deputatı, general-leytenant Andrey Qurulyov da bildirib ki, hakimiyyət “milyon” yeni çağırışçını geyindirmək, öyrətmək və silahlandırmaq imkanına hazır deyil.
Qərb kəşfiyyatı yeni səfərbərlik ehtimalını istisna etmir
Bununla belə, Qərb kəşfiyyat xidmətləri Rusiyada səfərbərlik ssenarisinin mümkün olduğunu hesab edir.
“The Wall Street Journal”ın kəşfiyyat məlumatları ilə tanış mənbələrə istinadən yazdığına görə, yeni səfərbərlik Dövlət Dumasına keçiriləcək 18–20 sentyabr seçkilərindən sonra gündəmə gələ bilər. Nəşrin məlumatına görə, Rusiya hərbçiləri bölgələrdə xüsusi təlimlərə başlayıblar. Bu təlimlərin məqsədi poliqonların yeni hərbçiləri qəbul etmək, onların silahlandırılması və təminatı baxımından hazırlıq səviyyəsini yoxlamaqdır.
WSJ yazır ki, belə təlimlərdən biri yaxın vaxtlarda Kalininqrad vilayətində keçirilib və burada yerli sakinlərin hərbi xidmətə çağırılması imkanları sınaqdan keçirilib. Beləliklə, Rusiyada yeni səfərbərliyin başlayacağı barədə rəsmi təsdiq olmasa da, iri şirkətlərdə “bronlu” əməkdaşların müəyyənləşdirilməsi və bölgələrdə keçirilən hazırlıq tədbirləri bu mövzunu yenidən gündəmə gətirib.