Rusiyada Wildberries ə ağır zərbə: 23 anbar vuruldu

26.08.2026

Icma.az bildirir, Azpost portalına istinadən.

Dronların hücumuna məruz qalan Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərindəki Wildberries logistika mərkəzi tamamilə yanıb.

Bölgənin rəhbəri Yevgeni Pervışovun sözlərinə görə, ötən gecə anbara ümumilikdə 19 pilotsuz uçuş aparatı ilə hücum etməyə cəhd göstərilib. Onların əksəriyyəti hava hücumundan müdafiə sistemləri və mobil atəş qrupları tərəfindən vurulub. Lakin üç dron binaya çata bilib.

Nəticədə marketpleysin iki əməkdaşı – 19 yaşlı kişi və 49 yaşlı qadın xəsarət alıb. Pervışov bildirib ki, anbarın məhv olması nəticəsində işsiz qalan bütün əməkdaşların işlə təmin olunması məsələsi ayrıca müzakirə ediləcək.

Bundan əvvəl Kotovsk şəhərinin meri Aleksey Plaxotnikov sakinlərə iki gün ərzində küçəyə çıxmamağı və pəncərələri bağlı saxlamağı tövsiyə etmişdi. Buna səbəb Wildberries obyektində baş verən güclü yanğın nəticəsində zəhərli maddələrin havaya yayıla bilməsi ehtimalı olub. O, həmçinin astma və digər xəstəliklərdən əziyyət çəkən yaxınlarının vəziyyətinə xüsusi diqqət yetirməyi və mümkün olduqda məhsulların evə çatdırılmasından istifadə etməyi məsləhət görüb.

Açıq məlumatlara görə, Kotovskdakı Wildberries anbarının ümumi sahəsi 108 min kvadratmetr olub. O, marketpleysin Rusiyadakı ən böyük 10 logistika mərkəzindən biri sayılırdı. Bu obyektə daha əvvəl, iyulun 18-də də dronlarla hücum edilmişdi. Həmin hücum zamanı 7 nəfər ölmüş, 25 nəfər yaralanmışdı.

Ümumilikdə, bir aydan bir qədər artıq müddətdə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın 16 regionunda Wildberries-in 23 anbarına zərbə endirdiyi bildirilir.

Ukraynanın Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, marketpleysin ən böyük 10 logistika mərkəzindən 7-si tamamilə sıradan çıxarılıb. Onların arasında Moskva vilayətində yerləşən və 250 min kvadratmetr sahəsi olan Kolədino logistika mərkəzi də var.

Data Insight analitiklərinin hesablamalarına görə, avqustun ortalarına qədər Wildberries-in logistika infrastrukturunun məhv edilməsi nəticəsində şirkətin birbaşa itkiləri 147–223 milyard rubl təşkil edib. Eyni zamanda marketpleysdə fəaliyyət göstərən satıcıların itirdiyi malların dəyəri 445–507 milyard rubl qiymətləndirilir.

Beləliklə, ümumi zərərin 800 milyard rubla qədər çata biləcəyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin Ukrayna dronlarının hücumlarını şərh edərkən onların Rusiya üçün heç bir “kritik nəticə” yaratmadığını bildirib.

Bununla yanaşı, Putin dron hücumlarından müdafiəni təmin etməyən müəssisə və obyektlərin müvəqqəti olaraq dövlət idarəçiliyinə verilməsinə imkan yaradan fərman imzalayıb.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью