Rusiyada xoş niyyətimizə qarşı anti Azərbaycan təbliğatı

17.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaxşı olar ki...

Deyəsən, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Rusiya ilə münasibətlər xüsusunda səsləndirdiyi fikirlər bu ölkənin media cameəsinin xoşuna gəlməyib. Hər halda, belə demək üçün əsaslar var. Yazımız bu barədə olacaq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.

Dövlətimizin başçısı Şuşa Forumunda bildirmişdi ki, Azərbaycan Rusiya ilə münasibətlərini yüksək qiymətləndirir, Rusiya rəsmilərinin, o cümlədən Prezident Vladimir Putinin ölkələrimiz arasında müsbət dinamikanın mövcudluğuna dair bəyanatları var. Cənab İlham Əliyev, həmçinin gərginliklər mərhələsinin artıq geridə qaldığını, əlaqələrin tam normallaşdığını vurğulamış, qeyd etmişdi ki, Bakı və Moskva ən yüksək səviyyədə təmaslar gerçəkləşdirirlər. Ölkəmizin lideri durumdan məmnunluğunu da dilə gətirmişdi.
Ehtimal etmək mümkündür ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Rusiya-Ukrayna müharibəsi ilə bağlı səsləndirdiyi fikirlər, o cümlədən Ukrayna xalqına işğalla barışmamaq çağırışı qıcıq doğurub. Hərçənd, bu qıcığı anlamaq olmur. Çünki rəsmi Bakı hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini, habelə sərhəd toxunulmazlığını dəstəkləyib.

Rusiyanın Ukraynadakı fəaliyyəti hansı səmtdən baxsaq, işğalçı mahiyyət daşıyır. Axı beynəlxalq hüquq var. Amma müqayisəli yanaşsaq, Azərbaycan Rusiyanı “təcavüzkar” adlandıran dövlətlərin sıralamasında öndə getmir. Çünki dövlətimiz prinsipial məqamları gözləməklə, balansı qoruyur. Sözümüz ondadır ki, Prezident İlham Əliyevdən, yumşaq desək, incik düşmək lazım deyil və nəzərə alınmalı məqam ölkəmizin xoş niyyətidir. O niyyət ki, onu Rusiyaya münasibətdə göstərən ölkələrin sayı heç barmaqla sayılacaq qədər də deyil. Nə düşünək? Düşünək ki, Rusiyada xoş niyyət nümayişi zəiflik kimi qiymətləndirilir?

Onu da nəzərə alaq ki, dövlətimizin başçısının mesajı xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfərindən bir neçə gün əvvələ təsadüf edib. Bu isə o deməkdir ki, əgər ikitərəfli münasibətlərdə böhranlı durum yaşansaydı, belə bir səfərdən söhbət gedə bilməzdi. O zaman sual yaranır: Rusiyada anti-Azərbaycan ritorikasının yenidən baş qaldırmasının səbəbi nədir? Hər halda, durumu adi hal kimi qiymətləndirmək mümkünsüzdür. Çünki ölkəmizlə bağlı irəli sürülmüş sərsəm tezislərdə yaxınlıq və sinxronluq diqqətdən yayınmır.

Bəli, Rusiyada Azərbaycanı nüfuzdan salmağa hesablanmış təqdimatlar vahid mərkəzdən idarə olunur və mövcud müstəvidə hansısa özfəaliyyətdən söhbət gedə bilməz. Bəlkə kimlərsə münasibətlərin rəvan məcraya düşməsini istəmir? Elə isə Kremlin baş xarici siyasət idarəsinin pozitiv yüklü açıqlaması nədir? Axı Rusiya XİN-dən C.Bayramovun səfəri ilə bağlı bildirilib ki, “Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşıdır. Ceyhun Bayramovun qarşıdakı Moskva səfərini etibarlı Rusiya–Azərbaycan siyasi dialoqunun davamı və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində növbəti addım kimi qiymətləndiririk”.

Qeyd edək ki, Moskva-Bakı münasibətlərindəki azacıq gərginlik fonunda Rusiyadakı Azərbaycan diasporunun hədəfə çevrilməsi adiləşib. Hazırda ölkənin informasiya düşərgəsinin diaspor nümayəndələrimizi, az qala, mütəşəkkil cinayətkar dəstə qiyafəsində təqdim etdiklərini görürük. Çox güman, ardınca onların həbsi də başlayacaq. Axı keçmişin acı təcrübəsi var və bu təcrübəyə əsasən deyə bilərik ki, Rusiyada Azərbaycana təzyiq üçün məhz diaspor amilindən istifadə dəb halını alıb. Məgər rus millətindən cinayətkar çıxmır? Bəlkə Rusiyadakı digər xalqların nümayəndələri arasından nalayiq əməl daşıyıcılarına rast gəlinmir? Yoxsa ölkədə hər işi qarışdıran azərbaycanlılardır?! Suallarımız ritorikdir.

Aydındır ki, Rusiyanın informasiya seqmentinin anti-Azərbaycan təbliğatına ksenofobiya elementləri hakim kəsilib. Halbuki ölkədə çalışan, iş yerləri açan azərbaycanlılar həm də Rusiya iqtisadiyyatına töhfə verirlər. Bu şəxslərin ünvanına alçaldıcı fikirlər sələndirmək, açıq təhqiramiz ifadələri dövriyyəyə buraxmaq mənfi presedent yaradır. Axı Rusiya çoxmillətli ölkədir və bumeranq effekti deyilən bir məsələ var. Digər tərəfdən, ortaya başqa bir sual da çıxır: Bəlkə Rusiyada kimlərsə Ukrayna cəbhəsindəki hərbi məğlubiyyətlərin, ölkənin dörd bir yanında partlayış törədən Ukrayna PUA-larının heyfini Azərbaycandan çıxmaq barədə düşünür?

Əslində, başqa suallar da ünvanlamaq mümkündür. Ancaq buna ehtiyac duymur və Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi bir fikrinin üzərində dayanırıq. Dövlətimizin başçısı bildirmişdi ki, Cənubi Qafqazın qavranılmasına və dərk edilməsinə dair metodologiyalar tamamilə köhnəlib. Hesab edirik ki, bu deyimə Rusiyada rasional yanaşılmalıdır. Yanaşılmalı və imperiya təfəkküründən imtina edilməlidir.

Rusiya nəinki Azərbaycana, ümumən, Cənubi Qafqaz regionuna solovyovların baxış bucağı ilə yanaşmamalıdır. Çünki bu məxluqlar dünyanı makaron deşiyindən seyr etməkdən həzz alırlar. Belələri üçün bərabərhüquqlu, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər yaddır. Məhz belələrinin illərlə apardıqları təbliğatın nəticəsidir ki, Moskvanın və Rusiyanın başqa iri şəhərlərində dinclik yoxdur. Yəni gerizəkalıların sərsəm “velikorus” təfəkkürü ilə yekunda ölkəni gətirdiyi acınacaqlı durum göz önündədir. Yaxşı olar ki, bundan nəticə çıxarılsın. Nəticə çıxarmaq isə rəsmi səviyyədə səslənmiş gəlişigözəl ifadələrin müqabilində informasiya məkanında anti-Azərbaycan təbliğatı ilə olmur və ola da bilməz. Bu, ən yaxşı halda, riyakarlıq kimi görünür.

R.ƏVƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью