Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Rusiya prezidenti Vladimir Putin ölkədən bir sıra qonşu ölkələrə nağd rubl çıxarılmasına dair yeni məhdudiyyətlər tətbiq edib.
Avtosfer.az xəbər verir ki, 29 sentyabrda imzalanan sərəncama əsasən, fiziki şəxslərə Rusiyadan Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana 1 milyon rubldan çox nağd pul çıxarmaq qadağan edilib.
Qaydanı pozan fiziki şəxslərdən 1 milyon rubldan artıq olan məbləğ müsadirə ediləcək.
Hüquqi şəxslər və fərdi sahibkarlar üçün məhdudiyyət daha sərtdir. Onlara sözügedən ölkələrə nağd rubl çıxarmaq, məbləğindən asılı olmayaraq, qadağan edilib. Qayda pozulduğu halda çıxarılan vəsaitin tam məbləği müsadirə olunacaq.
Sərəncamda müəyyən istisnalar da nəzərdə tutulub. Belə ki, hökumətin müəyyən edəcəyi beynəlxalq hava limanlarından bank çıxarışları və vəsaitin hesabdan çıxarıldığını təsdiqləyən digər sənədlər təqdim edilməklə nağd pul çıxarılmasına icazə verilə bilər.
Yeni qaydalar 29 sentyabrdan qüvvəyə minib.