Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlər Rusiyada yaşayan həmvətənlərimizə qarşı təzyiqlər artmaqdadır.
Azərbaycanlıları polis bölmələrində saxlayır və deportasiya edirlər.
Məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov Tribunainfo.az-a açıqlamasında bildirib ki, MDB ərazisində qeyri-qanuni miqrant axınına qarşı mübarizə məqsədilə MDB hökumət başçılarının hələ 1998-ci ilin 8 oktyabrında qəbul edilmiş qərarı var.
Politoloqun sözlərinə görə, məlum qərarın icrasına nəzarəti gücləndirmək və təkmilləşdirmək məqsədilə 2002 və 2008-ci illərdə də xüsusi qanunlar qəbul edilib.
MDB dövlətləri sırasında Rusiya daha böyük əmək bazarına malik olduğundan, məlumdur ki, MDB-nin digər dövlətlərindən buraya miqrant axını daha böyük və güclüdür.
“Bəllidir ki, miqrant axınının əsas səbəbi bəlli dövlətlərin ərazisində olan işsizlik və bununla bağlı yaşanan sosial gərginlikdir.
MDB-də Rusiyaya olan miqrant axını bir sıra sosial xarakterli problemlərin artmasına səbəb olduğundan bəllidir ki, Rusiya qeyri-qanuni miqrant axınının yaratdığı problemlərdən sığortalanmaq üçün qanunvericilik səviyyəsində tədbirlər görməlidir.