GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin ötən gün yayımladığı açıqlama mövcud geosiyasi gərginlik fonunda diqqət çəkib. Bəyanatda bildirilir ki, Rusiya Federasiyası Ermənistan, Suriya, Venesuela və İran da daxil olmaqla ənənəvi müttəfiqlərini ABŞ-ın “mərhəmətinə” buraxmayacaq.
Həmçinin Moskvanın bütün hallarda tərəfdaşları qarşısında götürdüyü beynəlxalq öhdəliklərə sadiq qalacağı vurğulanır.
Moskva hələ də Ermənistandan geri çəkilmək istəmir? Bu reaksiya qarşıdan gələn parlament seçkilərinə Kremlin müdaxiləsinin anonsu sayıla bilərmi?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya XİN-in İrəvanın ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətlərinə reaksiyası əslində bir neçə qatlı mesaj daşıyır:
“Qərb Rusiyanın regiondakı mövqelərini zəiflətmək istəyir” ifadəsi Kremlin narahatlığını göstərir. Ermənistanın Qərblə yaxınlaşması Moskvanın Cənubi Qafqazdakı strateji təsirini məhdudlaşdıra bilər. Burada əsas mesaj Rusiyanın regionda hələ də dominant rol oynamağa çalışdığı və İrəvanın qərbyönümlü siyasətinə passiv yanaşa bilməyəcəyidir.
Zeynal Əmrəliyev
Təbii ki, Rusiya Cənubi Qafqazdan geri çəkilmək istəmir və hələlik “yumşaq güc”lə İrəvana təzyiq göstərməyə çalışır. Əslində, seçkilər öncəsi bu şəkildə bəyanatların verilməsi Rusiyanın Ermənistan müxalifətinə dəstəyi kimi də başa düşülə bilər. Moskva yaxın aylarda təzyiqi daha da gücləndirəcək.
Ümumiyyətlə, Kreml İrəvanın Qərblə münasibətlərini diqqətlə izləyir və həm siyasi, həm informasiya, həm də diplomatik kanallar vasitəsilə öz mövqeyini qorumağa çalışır. Bu, hələ də Ermənistan ərazisindən geri çəkilmək niyyətində olmadığını göstərir. Belə bir hal həm strateji narahatlıq, həm də regiondakı geosiyasi balans üçün xəbərdarlıqdır”.
Turan Rzayev
Globalinfo.az