Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiyada dələduzluqla mübarizə məqsədilə hazırlanan "Antifraud 2.0" qanun layihəsində mühüm dəyişikliklər edilib.
"Cebheinfo.az" xəbər verir ki, Dövlət Dumasında 9 iyun tarixində müzakirəyə çıxarılması gözlənilən yeni mətnə maliyyə və digər vacib əməliyyatlar üçün dövlət dəstəkli MAX mesajlaşma tətbiqinin məcburi istifadəsini nəzərdə tutan müddəa daxil edilməyib.
İlkin layihədə vətəndaşların bank əməliyyatları da daxil olmaqla bir sıra mühüm əməliyyatları MAX tətbiqi vasitəsilə təsdiqləməsi planlaşdırılırdı. Lakin banklar bu təşəbbüsə etiraz edərək sistemin təhlükəsizlik riskləri yaratdığını, hüquqi baxımdan zəruri olmadığını və əlavə xərclərə səbəb olacağını bildirmişdilər.
Yeni dəyişiklikdən sonra banklar və mobil operatorlar müştərilərin şəxsiyyətinin təsdiqlənməsi üçün ənənəvi SMS üsulundan istifadə etməyə davam edə biləcəklər. Mütəxəssislər həmçinin xəbərdarlıq edirdilər ki, mümkün texniki nasazlıq və ya kiberhücum ölkədə bank əməliyyatları da daxil olmaqla mühüm onlayn xidmətlərin fəaliyyətini iflic edə bilər. Qanun layihəsindən aşağıdakı müddəalar da çıxarılıb:
*Yalnız Rusiya elektron poçt ünvanları ilə qeydiyyat tələbi;
*Xarici ölkələrdən gələn bütün zənglərin avtomatik bloklanması;
*Bank hesabı açılmasının vergi identifikasiya nömrəsinə (VÖEN/İNN) bağlanması;
*Valideynlərin övladlarına verdikləri SIM kartları operatorlara bildirmək öhdəliyi.
Bununla yanaşı, layihəyə yeni müddəalar əlavə edilib. Yeni qaydalara əsasən, əgər bank və ya telekommunikasiya operatoru şübhəli əməliyyatları vaxtında aşkar etmək öhdəliyini yerinə yetirməzsə və nəticədə müştəri dələduzluğun qurbanına çevrilərsə, vurulan zərər tam şəkildə kompensasiya oluna biləcək.
Bu kompensasiya mexanizminin 1 mart 2027-ci ildən qüvvəyə minməsi gözlənilir. Qanun layihəsində dələduzların tez-tez nömrə dəyişməsinin qarşısını almaq üçün yeni qayda da nəzərdə tutulub. Belə ki, yeni açılmış mobil xətt müqaviləsinin ilk 90 gün ərzində ləğv olunmasına məhdudiyyət tətbiq ediləcək.
Layihədə bir şəxsin sahib ola biləcəyi maksimum bank kartlarının sayı 20 ilə məhdudlaşdırılıb. Bundan əlavə, beynəlxalq zənglərin xüsusi şəkildə işarələnməsi tələbi qüvvədə saxlanılıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin