Rusiyadan gətirilən ərzaqlar bahalaşa bilər Açıqlama

08.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya rublunun möhkəmlənməsi Azərbaycanda həm idxal, həm də ixrac bazarında müəyyən dəyişikliklər yarada bilər. Xüsusilə Rusiyadan gətirilən kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinə, eləcə də Azərbaycan məhsullarının Rusiya bazarında rəqabət qabiliyyətinə təsir məsələsi diqqət çəkir.
Bəs rublun bahalaşması Rusiyadan Azərbaycana idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərini necə dəyişə bilər? Eyni zamanda, milli valyutanın rubl qarşısında məzənnəsi Azərbaycan qeyri-neft ixracatçılarının Rusiya bazarında rəqabət imkanlarına necə təsir göstərə bilər?
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında söyləyib ki, rublun bahalaşması Azərbaycan iqtisadiyyatı üçün ikitərəfli təsir yaradır.

Onun sözlərinə görə, bir tərəfdən Rusiyadan idxal etdiyimiz kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətinə artırıcı təsir göstərə bilər, digər tərəfdən isə Rusiyaya məhsul ixrac edən Azərbaycan şirkətləri üçün müəyyən rəqabət üstünlüyü yarada bilər:
“Xüsusilə ərzaq bazarında bu məsələ diqqət tələb edir. Çünki rublun möhkəmlənməsi Rusiyadan gətirilən məhsulların manat ifadəsində maya dəyərini yüksəldə və müəyyən müddətdən sonra bu artım pərakəndə qiymətlərə də ötürülə bilər. Amma burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, rublun bahalaşması avtomatik olaraq ərzaq qiymətlərinin eyni nisbətdə artacağı anlamına gəlmir. İdxalçının marjası, logistika xərcləri, yerli bazardakı rəqabət və alternativ ölkələrdən idxal imkanları qiymət artımının səviyyəsini müəyyən edəcək. Əgər yerli bazarda alternativ təchizat imkanları genişdirsə, idxalçı bütün valyuta fərqini istehlakçının üzərinə qoymaqda çətinlik çəkəcək. Buna görə rublun bahalaşmasının ərzaq inflyasiyasına təsirini birbaşa deyil, mərhələli qiymətləndirmək lazımdır”.
İqtisadçı əlavə edib ki, digər prizmadan baxanda, bu proses Azərbaycanın Rusiyaya qeyri-neft ixracatçıları üçün müəyyən imkanlar yaradır:
“Azərbaycan şirkəti Rusiyada məhsulunu rubl ilə satırsa və rubl möhkəmlənirsə, ixrac gəlirinin manat və dollar ekvivalentində artması mümkündür. Eyni zamanda Azərbaycan məhsullarının Rusiya istehsalı olan analoji məhsullarla qiymət rəqabətində mövqeyi müəyyən qədər yaxşılaşa bilər. Bu xüsusilə meyvə-tərəvəz, ərzaq və digər kənd təsərrüfatı məhsullarının ixracı baxımından əhəmiyyətlidir.
Amma burada da bütün ixracatçıları eyni kateqoriyaya salmaq olmaz. Əgər Azərbaycan şirkəti istehsal üçün Rusiyadan xammal, qablaşdırma materialı, gübrə və ya digər məhsullar alırsa, rublun bahalaşması onun xərclərini də artıracaq. Yəni ixracatçı üçün real üstünlük satış gəlirindəki artımla maya dəyərindəki artım arasındakı fərqdən formalaşacaq. Bu baxımdan rublun möhkəmlənməsi daha çox Rusiyaya yüksək əlavə dəyərli və yerli resurslarla istehsal olunan məhsullar ixrac edən şirkətlər üçün əlverişli ola bilər.
Ümumilikdə isə hesab edirəm ki, rublun bahalaşmasına yalnız valyuta hadisəsi kimi baxmaq düzgün deyil. Bu, Azərbaycanın ərzaq bazarı və qeyri-neft ixracı üçün eyni vaxtda həm risk, həm də imkan yaradır. Qısamüddətli dövrdə əsas risk Rusiyadan idxal olunan məhsulların maya dəyərinin yüksəlməsidir. Lakin uzunmüddətli perspektivdə Azərbaycan istehsalçıları bu vəziyyətdən istifadə edərək Rusiya bazarında mövqelərini genişləndirə bilərlər. Burada əsas məsələ yaranmış valyuta üstünlüyünü sadəcə əlavə gəlir kimi deyil, ixracın həcmini artırmaq, bazar payını genişləndirmək və daha dayanıqlı qeyri-neft ixrac modeli qurmaq üçün istifadə etməkdir”, - deyə Asif İbrahimov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью